Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, eləcə də müavininin yeni vəzifəyə təyin olunacaqları ilə bağlı məlumatlar dolaşır.
Mediada yayılan məlumatlara görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov yaxın günlərdə "AR Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunacaq.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov isə Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsinə rəis gətiriləcək.
İddialara görə artıq bununla bağlı Gənclər və İdman Nazirliyi rəhbərliyi tərəfindən yeni yaradılmış müvafiq şəhər, rayon gənclər və idman idarələrinə məlumat verildiyi deyilir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov Bizim.Media-ya açıqlamasında məlumatdan xəbərsiz olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Raqif Abbasov və müavini Aydın Yusifova VƏZİFƏ verilir
“Faktiki olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində işləyirəm. Heç nədən də xəbərim yoxdur. Deyirlər e, “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Bu da ondandır. Mənim barəmdə belə bir fikir varsa, buna yalnız sevinərəm və cənab nazirin etimadını doğruldaram. Axı mənə heç kim heç nə deməyib. İstəyərəm ki, başqa regiona gedəm. Amma bizim istəyimizə kimdi baxan? Olsa lap yaxşı olar”.
Məlumatı dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan mətbuat katibi Qabil Mehdiyev isə saytımıza bildirib ki, hazırda belə bir təyinat olmayıb:
“Əgər hər hansı təyinat olsa, məlumat verəcəyik”, - deyə Nazirlik rəsmisi əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 10 dekabr 2022-ci il tarixli "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə rayon, şəhər gənclər və idman idarələrinin əsasında Regional Gənclər və İdman idarələri yaradılıb.
Alçina Amilqızı, Bizim.Media