Marketlərdə istismar edilən qul əməyi - 250 manat maaşa..

Marketlərdə istismar edilən qul əməyi - 250 manat maaşa..

Hazırda oxunan: Marketlərdə istismar edilən qul əməyi - 250 manat maaşa..

130882

Son vaxtlar iri marketlərdə insan əməyinin sözün əsl mənasında istismar edilməsi ilə bağlı şikayətlər xeyli artıb. Gənc insanlar cüzi əməkhaqqı (təxminən 200-250 manat, halbuki minimal əməkhaqqı 340 AZN-dir!) müqabilində səhərdən-axşamadək, hətta fasilə haqqı tanınmadan, əmək müqaviləsi (əmək kitabçısı) olmadan çalışdıqlarından gileylənirlər. 

Bizim.Media "musavat.com" a istinadən xəbər verir ki, "Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2015-ci ildən sahibkarlıq subyektlərində yoxlamalar apara bilmir. Onun fikrincə, dövlət nəzarətinin az olması ayrı, çox olması da ayrı problemlər yaradır: “Yoxlamaların dayandırılması zərurətdən irəli gəlirdi. Çünki yoxlamalar çox olanda özbaşınalıqlar müşahidə olunurdu.

Sahibkarlar yeni qanundan bəhrələnmək əvəzinə, sui-istifadə edirdilər. Xüsusilə regionlarda özbaşınalıq çoxdur.

Əmək müqaviləsi bağlamadan işə cəlbolunma təkcə vaxtından çox işləmə ilə nəticələnmir. Əmək müqaviləsi olmadıqda işçilər tibbi sığorta, bədbəxt hadisə baş verdikdə, yaxud peşə xəstəlikləri hallarından sığortalanmırlar. Bu zaman işçi məcburi əməyə cəlbedilmiş hesab olunur.

Qanunvericilikdə bununla bağlı ciddi sanksiyalar nəzərdə tutulub. Əmək müqaviləsi bağlamadan işə cəlbolunma halında hüquqi şəxsə 20 min manatdan 25 min manata qədər, vəzifəli şəxsə 3 min manata qədər  maliyyə sanksiyası tətbiq olunur. Eyni zamanda işçini iş vaxtından artıq işlətmək, əməyin mühafizə qaydalarını pozmaq kimi hallarda inzibati sanksiyalar nəzərdə tutulub". 

Mütəxəssis bildirdi ki, işçilər hüquqları ilə bağlı problem yaşadıqda müraciəti açıq şəkildə deyil, anonim şəkildə edirlər. O, əksər hallarda işdən ayrıldıqdan sonra açıq şikayətləri görməyin mümkün olduğuna diqqət çəkdi: “Mən onları anlayıram. Ona görə ki, açıq şikayət olduqda işi itirmək ehtimalı var, amma nəzərə almaq lazımdır ki, anonim şikayətlərə baxmaq mümkün deyil”. 

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılıb. 
 Qanunun tətbiq dairəsinə gəldikdə isə 1-ci maddədə nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizlik qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdankənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir. 

Həmin qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Sözügedən qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. 

Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO