Milləti üçün ölümə, sevgisi üçün duelə getdi... – Nəriman Nərimanov haqqında İLGİNC FAKTLAR

Milləti üçün ölümə, sevgisi üçün duelə getdi... – Nəriman Nərimanov haqqında İLGİNC FAKTLAR

Hazırda oxunan: Milləti üçün ölümə, sevgisi üçün duelə getdi... – Nəriman Nərimanov haqqında İLGİNC FAKTLAR

130784

Bu gün böyük ictimai-siyasi xadim, yazıçı-publisist, həkim Nəriman Nərimanovun doğum günüdür. O, 1870-ci ilin 14 aprelində Tiflisdə tacir Kərbalayi Nəcəfin ailəsində dünyaya göz açıb. Onun haqqında bu gün müxtəlif fikirlər səslənir. Yerli-yersiz bu tarixi şəxsiyyətə hücumlar olur. Lakin, bütün deyilənlərə rəğmən dəyişməz bir həqiqət var: Nəriman Nərimanov Azərbaycanı canından çox sevib və onun yolunda da şəhid edilib.

Əlamətdar gün münasibəti ilə Bizim.Media Nəriman Nərimanovla bağlı bəzi maraqlı faktları oxucuların diqqətinə çatdırır:

Nərimanov niyə gec ailə qurub?

Cəmi 55 il yaşayan Nəriman Nərimanovun keşməkeşli həyat yolu keçib. Gənc yaşlarında atasını itirən Nəriman böyük ailənin bütün yükünü çiyinlərində daşımalı olub. Bəlkə də ailə qayğılarına görə o özü haqqında çox gec düşünüb. Və 44 yaşlı Nərimanov 15 yaşlı Gülsümlə evlənir. Gülsüm xanım kifayət qədər məşhur və zəngin ailənin qızı idi.

Nərimanovun yaxın dostlarından biri olan Abdulla Şaiq öz "Xatirələr"ində Nərimanın gec yaşda evlənməsinin səbəblərini qeyd edib:

"Nəriman öz ailəsinə çox bağlı insan olub. Var gücü ilə ailəsinin birlikdə olmasına çalışırdı. Nərimanovun 12 nəfərdən ibarət (yaşlı anası, xalası, iki bacısı və onların uşaqları, öz qardaşı və bacısı uşaqları) ailəsini maddi-mənəvi cəhətdən təmin edə bilmək üçün çalışırdı."

İlk erməni-müsəlman davasında Nərimanov hansı yaxınlarını itirib?

1905-ci ildə Bakıdakı ermənilərin törətdiyi qətliam zamanı Nəriman Nərimanovun qardaşı 8 xəncər zərbəsi ilə öldürülüb. Ermənilər onun anasını da yaralayıb. Faytonda yaralanan qardaşı elə hadisə yerində dünyasını dəyişib. Nərimanovun anası Həlimə xanım isə aldığı yaralardan uzun müddət sağala bilməyib və hadisədən 1 il sonra vəfat edib.

Nərimanov növbəti qırğının qarşısını necə alıb?

1918-ci ildə Bakıda ermənilərin şəhəri ələ almaq cəhdlərini qarşısının alınmasında Osmanlı ordusu xidmət göstərmişdisə, Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov olub.

1920-ci ildə Sovet hakimiyyətinin ilk aylarında Nəriman Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu da məhz Mikoyandır:

“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və dəqiq hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.

Nərimanov Türkiyə Cümhuriyyətini dağılmaqdan necə xilas edib?


1920-ci il may ayının 3-də Mustafa Kamal Paşanın tapşırığı ilə Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir məktub yazaraq Azərbaycan hökumətindən borc pul və yardım istəyir. Müraciət cavabsız qalmır. Nəriman Nərimanovun Kremllə apardığı uzun danışıqlardan sonra Vladimir Lenin Türkiyəyə yardıma razılıq verir. Və ilkin olaraq Azərbaycandan Türkiyəyə 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərilir. 

1921-ci ilin mayında Türkiyəyə daha 62 sistern neft göndərilir. Bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyi götürür. Mustafa Kamal Paşa özü 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəyir. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılır, o isə dərhal 500 kiloqram qızıl göndərir. Bunun 200 kiloqramı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilir.

Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərir. Bu yardımlar sayəsində böyük savaş içində olan ölkənin vəziyyəti xeyli düzəlir. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda qələbə münasibəti ilə Türk xalqını təbrik edir və sonra əlavə edir:

“Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.

Duelə çıxan ilk azərbaycanlı

Nəsib bəy Yusifbəyli ilə  Nəriman Nərimanov arasında münasibətlər hər zaman kəskin olub. Bunun səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım olub. Nəsib bəyin sevgisinə qarşılıq verən Şəfiqə xanıma o dövrdə Nərimanov da elçi düşür. Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy Yusifbəyli sıra ona çatanda, silahını ataraq deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!”

Azərbaycan ədəbiyyatındakı ilk romanın müəllifi

Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nın (1896-1898) müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.

Nəriman Nərimanovun xalqımız qarşısında digər xidmətləri də olub:

1. N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.

2. N.Nərimanov - ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin ilk müəllifidir.

3. Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.Ə.Sabirin əziz xatirəsinə ucaldılıb.

4. N.Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsində birbaşa xidməti var.

Aldadılan və şəhid edilən Nərimanov


Nərimanovu aldatmışdılar. Necə ki bu işi inqilabın rəhbəri Leninin yaxın dostu və silahdaşı Trotskininin başına gətirmişdilər. Təsadüfi deyil ki, Stalin hakimiyyətə gələn kimi ən böyük rəqibini- Nərimanovu 1925-ci ildə aradan götüzdürür. Bu da o deməkdir ki, mənfur imperiyanın birinci düşməni elə Nərimanov idi. 

Nərimanovu bütün SSRİ xalqları və Şərq dünyası ağladı

N.Nərimanov 1925-ci il mart ayının 19-da müəmmalı şəkildə ölür və Moskvada, Kremlin divarları yaxınlığında dəfn edilir. Həkim Nəriman Nərimanovun dəfn olunduğu gün SSRİ-də matəm günü elan edilir. Dəfn mərasimi ilə əlaqədar olaraq bütün tamaşalar, konsertlər, kino və başqa əyləncə proqramları ləğv olunur. Hökumət binalarından başlayaraq, SSRİ-nin bütün ərazisində matəm ilə əlaqədar bütün dövlət bayraqları 5 dəqiqəlik aşağı endirilir. Bundan başqa bütün Şərq və müsəlman dünyası bu dahi şəxsiyyəti həmin günlər böyük ehtiramla yad edirdi.

Oğlu Nəcəfə son məktubu

Onun qəfil, sirli ölümünün səbəbləri bu gün də sual olaraq qalır. Ölümünə az qalmış o, oğlu Nəcəfə məktub yazır. Ümid edir ki, Nəcəf böyüyəndə məktubu oxuyacaq.

Məktubda deyilir: 

"Əziz oğulum, Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, söz verirəm ki, səni cəmiyyətə yararlı insan kimi tərbiyə edəcəm. Yox əgər vaxtsız ölsəm, mənə söz ver ki, böyüyəndə cəmiyyət üçün ən azından atanın etdiklərini etməyə çalışacaqsan".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO