Azərbaycanda artıq iki ilə yaxındır ki, iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir.
Qeyd edək ki, 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2021-ci ilin iyulun 1-dən qüvvəyə minib.
Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Mediasiya haqqında qanunun qəbulu ilə ailə və məişət məsələlərində məhkəməyə müraciət edildikdə, onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. “Xeyr" cavabı verilərsə, məhkəmə həmin işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif edilir. Yəni məhkəmə yalnız mediasiya prosesini keçmiş və ya mediasiya prosesində həllinə nail olunmayan məsələlərə baxacaq.
İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasa, bu hüquq sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.
Mediator vəkildən fərqli olaraq heç bir tərəfi təmsil etmir. Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.
Görəsən, mediasiya xidmətləri boşanmaların qarşısının alınmasında nə dərəcədə effektiv metoddur?
Bizim.Media-ya açıqlamasında 9 saylı Mediasiya təşkilatının mediatoru İlkin İbrahimov bildirir ki, mediasiya xidməti boşanmaların qarşısının alınmasında effektiv metod olduğunu öz fəaliyyətilə göstərə bilib:
“Ölkədə bir neçə sahə var ki, məhkəməyə müraciət etməmişdən öncə mütləq mediasiya xidmətinə müraciət olunmalıdır. Bu sahələr ailə-məişət mübahisələri, əmək və kommersiya mübahisələrillə bağlı sahələrdir. Mediasiya xidmətində barışıq imkanları müzakirə olunur.
Zaman keçdikcə ailə, kommersiya və əmək mübahisələri sahəsində mediasiya xidmətinin daha çox xeyir verdiyinin şahidi olduq. Bunun da nəticəsində məhkəmələrin iş yükünün azaldığını da gördük. Prosesin inkişafı nəticəsində mediatorlarımız hazırda daha yaxşı təcrübə əldə ediblər. Ona görə də prosesdə ildən-ilə daha yaxşı nəticələr əldə olunur.
Mediasiya xidməti boşanma ilə bağlı qərar verə bilməz. Bu qərar müstəsna səlahiyyət olaraq məhkəmələrə verilib. Boşanma və uşaqların statusunun müəyyən olunması, eyni zamanda mülkiyyət kimi məsələlər məhkəmələrdə böyük problemlərə gətirib çıxarırdı. Amma indiki halda bu məsələ ilə bağlı məhkəmələrin iş yükü həddən artıq azalır. Çünki həmin yükü mediatorlar üzərlərinə götürür və əksər hallarda tərəflər arasında barışıqla bağlı razılığı gəlirlər.
Nəticədə işə mediatorların qarışması ilə ailə daxilində baş verən böyük mübahisələri aradan qaldırmaq mümkün olub.
Belə bir xidmətin yaradılması boşanmaların sayının azalmasına rəvac verib. Son iki ildə statistika olaraq boşanmaların sayında azalmalar müşahidə olunur. Bu ilin yanvarında keçən ilin anoloji dövrü ilə müqayisədə boşananların sayı azalıb. Bu addım həmçinin vətəndaşların həmin məsələ ilə bağlı daha da savadlanmalarına gətirib çıxarır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 15.04.2023
Məhkəmələrdən əvvəlki SON ÇARƏ – Mediasiya xidməti boşanmaların qarşısını ala bilir?
Hazırda oxunan: Məhkəmələrdən əvvəlki SON ÇARƏ – Mediasiya xidməti boşanmaların qarşısını ala bilir?
Hazırda oxunan: Məhkəmələrdən əvvəlki SON ÇARƏ – Mediasiya xidməti boşanmaların qarşısını ala bilir?
130777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.