Şəhərdə itlə gəzməyin yaratdığı PROBLEMLƏR – “Əksəriyyəti göstəriş xatirinə bunu edir” – FOTO 

Şəhərdə itlə gəzməyin yaratdığı PROBLEMLƏR – “Əksəriyyəti göstəriş xatirinə bunu edir” – FOTO 

Hazırda oxunan: Şəhərdə itlə gəzməyin yaratdığı PROBLEMLƏR – “Əksəriyyəti göstəriş xatirinə bunu edir” – FOTO 

130388

Paytaxtımızda və digər mərkəzi şəhərlərdə itlə gəzən insanlara getdikcə daha çox rast gəlirik.

İlk baxışdan burada qeyri-adi bir şeyin yoxluğunu düşünmək olar. Yada salaq ki, vaxtilə itlə ancaq yaşlı insanların gəzdiyini görürdük. Və həmin itlər də nisbətən balaca boylu olurdu. 

Amma indi gəzdirilən itlər əsasən iri cüssəlidir. Və maraqlıdır ki, bu cüssəli itləri gəzdirənlər əsasən gənclərdir. İtlə gəzənlərin çoxunun cavanlar olması isə məsələyə bir qədər fərqli yanaşma tələb edir. 
Çünki, bütün canlılar kimi itlər də diqqət, nəvaziş istəyir. İndiki gənclərdə isə nəvaziş göstərməyə hövsələ çox az olduğunu müşahidə edirik. Gənclər itlə gəzməyə daha çox müasirlik və imkanlı olmağın göstəricisi kimi baxırlar. 

Ən pisi də odur ki, itlə gəzən gənclərin bu işə həvəsi çox tez ölür. Çünki, it təkcə nəvaziş yox, həm də keyfiyyətli qida istəyir. Bunu bacarmayanlar isə bir müddət sonra itlərini satışa çıxarır, sata bilməyəndə açıb küçəyə buraxırlar. Təsadüfi deyil ki, son illər küçələrdə sahibsiz cins itlərə daha çox rast gəlinir.

Məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucova da Bizim.Media-ya açıqlamasında bildirib ki, şəhərdə itlə gəzənlərin sayı günbəgün artır:

“Bunun da bir neçə səbəbi var. Bəziləri bunu özlərini imkanlı kimi təqdim etmək üçün edirlər. Bəziləri də bununla dəblə ayaqlaşdığını göstərmək istəyir. Çox az qisim insanlarsa bunu heyvana olan sevgilərindən edir. Bir sözlə, indiki reallığı qiymətləndirsək, görərik ki, bəziləri heyvanları sevməkdən daha çox özlərinin reklamı ilə məşğuldurlar. 

Təkcə, itlə gəzintiyə çıxmırlar. İtlə çəkdirdikləri şəkillərlə sosial şəbəkələrdə günlərini keçirənlər də az deyil. Bu isə heyvana sevgi deyil, əyləncədir. Bu əyləncədən ən çox əziyyət çəkənsə itlər olur”.

Psixoloq evdə it saxlamağın müsbət tendensiya olmadığını da vurğulayıb:

“Əvvala, evdə saxlanılan it ətrafdakılar üçün narahatlıq yaradır. İkinci bir tərəfdən bu gigiyenik qaydalara ziddir. İti hər gün yusan da, təmiz yerdə saxlasan da, yenə də gigiyenik qaydalar hardasa pozulur. Təsadüfi deyil ki, islamda itin və donuzun evdə saxlanılması doğru əməl hesab edilmir. Çünki, bu heyvanları nə qədər çimizdirsən də təmiz olmurlar”.

Tanınmış bioloq Reyhan İbrahimova isə qeyd edib ki, dünyada, o cümlədən ölkəmizdə hazırda insanların çoxu qurd xəstəliyindən əziyyət çəkir: 

“Bu xəstəliyin mənbəyi isə birbaşa itlərdir. Unutmayaq ki, parazitar qurd xəstəliyinə yoluxanlarının ən azı 30 faizinin həyatını xilas etmək mümkün olmur. Təsadüfi deyil ki, son vaxtlar Bakıda parazitar qurd xəstəliyindən ölüm sayı da çoxalıb. Bəzi yoluxmaların nəticəsini ancaq cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkün olur. Hazırda dünya əhalisinin 70 faizi parazit qurd xəstəliyindən əziyyət çəkir”.

Bioloq vacib bir məqama da diqqət çəkib: 

“İtlərdə bir xüsusiyyət var. Onlar özlərini yalayırlar. Yalayarkən anus ətrafında olan parazitləri bütün bədənlərinə yayırlar. Sonradan tüklərin arasındakı parazitlərdən yumurtalar yetişir. İnsanlar, ələxüsus da uşaqlar itləri tumarlayarkən exinokok və digər qorxulu xəstəliklərə yoluxurlar. Ona görə də, itləri evdə saxlamaq doğru deyil”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO