Botanika İnstitutu KÖÇÜRÜLÜR – 2 əsrlik fond məhv olma TƏHLÜKƏSİLƏ ÜZ-ÜZƏ

Botanika İnstitutu KÖÇÜRÜLÜR – 2 əsrlik fond məhv olma TƏHLÜKƏSİLƏ ÜZ-ÜZƏ

Hazırda oxunan: Botanika İnstitutu KÖÇÜRÜLÜR – 2 əsrlik fond məhv olma TƏHLÜKƏSİLƏ ÜZ-ÜZƏ

129267

Botanika İnstitutu köçürülür. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda deyilir ki, köçürülmənin səbəbi Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri ilə bağlıdır.

Məsələnin təfsilatı ilə öyrənmək üçün Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva ilə əlaqə saxladıq.

Professor Bizim.Media-ya açıqlamasında yayılan xəbərlərdə müəyyən həqiqət payının olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Şəhər İcra Hakimiyyəti Nəbatət Bağı ilə bağlı yayılan məlumatları TƏKZİB ETDİ 


“Botanika İnstitutu və Botanika bağı 1936-cı ildə yaradılıb. Botanika bağını əslində Botanika İnstitutunun əməkdaşları yaradıblar. Bir zamanlar bağ İnstitutun bir şöbəsi olub. Sonrakı illərdə AMEA Botanika İnstitutunu Botanika bağından ayırdı və bağa yeni ad verildi. 

Bildiyiniz kimi, bir neçə il qabaq Ölkə başçısının müvafiq fərmanı ilə Mərkəzi Nəbatat Bağı publik hüquqi şəxs elan edildi və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Bundan sonra əmlak bölgüsü aparılarkən ərazinin 40 hektarı Bağa, 4 hektar isə bizim İnstituta verildi.
Bu 4 hektarda institutun binası, qazanxana və 2 hektardan çox hissədə isə təcrübə sahəsi yerləşir.

Yenidənqurma işləri başlayanda Eldar Əzizov mənə şəxsən dedi ki, “binanın fasadını dəyişdirəcəyik, ətrafı abadlaşdıracağıq”. Biz də sevindik. Bundan sonra binada müəyyən təmir işləri apardıq. 6 böyük laboratoriyanı təmir etdik. Yeni mebellər aldıq, qoyduq”.

Direktor qeyd edib ki, son vaxtlar Bakı Şəhər İcra Hakimiyyətinin adından bir təşkilatdan İnstituta tez-tez zənglər gəlir:

“Deyirlər ki, “biz gəlib İnstitutun əmlakını aktlaşdırmalıyıq, oranı sökəcəyik”. Mən də telefonda dedim ki, “biz heç yeri sökmürük, mən kiməm ki, oranı aktlaşdırım? Nə Ölkə Başçısının sərəncamında, nə də ki, Nazirlər Kabinetinin qərarında bu barədə bir söz deyilir.
Botanika İnstitutunun adı heç bir sənəddə keçmir. Arada Təhsil Nazirliyindən də gəldilər. Dedilər ki, müvəqqəti sizi harasa köçürdürük. Sizə başqa yer tikiləcək və sonra ora köçəcəksiniz”.

Professor vurğulayıb ki, İnstitutun çox böyük herbari fondu, laboratoriyası, bahalı avadanlıqları var:

 “Ona görə də bu qədər fondu bir neçə dəfə köçürtmək qəti olmaz. Herbarilər köçürülmə prosesində məhv ola bilər. Halbuki, fondumuzda 1800-ci illərdən qalma herbarilər var. 1932-ci ildən başlayaraq bu herbarilər üzərindən Qafqazın təbiəti öyrənilir. Bu herbari fondu  Beynəlxalq Herbari Fondunun tərkib hissəsidir. Bizim London, Berlin və digər şəhərlərin botanika bağları ilə ciddi müqavilələrimiz və iş birliyimiz var. 

Ona görə də son söz-söhbət Botanika İnstitutun herbari şöbəsinin əməkdaşlarını ciddi təşvişə salıb. Herbari həssas materialdır. Onu əldə əyri vəziyyətdə belə saxlamaq olmaz. Herbarilər ən yaxşı halda əllə daşına bilər. Onları maşınla daşımaq qətiyyən olmaz”. 

Səyyarə İbadullayevanın sözlərinə görə, daha əvvəl İnstitutun anbarını da söküblər:

 “Ancaq səsimizi çıxarmadıq. İndi də binanı sökmək istəyirlər. Biz təklif etmişik ki, əgər binanın sökülməsi bu qədər vacibdirsə, onda yaxın ətrafda bizə bir bina inşa eləsinlər. Təcrübə aparmaq üçün 2 hektar torpağımızı versinlər. Biz də herbarilərimizi əllərimizdə 3-4 aya ora köçürək. 

Bu herbarilər maşınlara qoyulsa, məhv olacaq. Bizdə herbarilər var ki, vaxtilə Laçından gətirilib. Amma sovetlər vaxtı ermənilər İnstituta gəlib o herbarilərin üzərindən Laçın sözünü pozub, Kürdüstan yazıblar. Belə tarixi faktlar bizim fondumuzda çoxdur. Bu fondu məhv eləmək olmaz. 

Xoşagəlməz hadisə ilə bağlı Elmi Şuranın yığıncağını keçirmişik. Elmi Şuranın qərarı cənab Eldar Əzizova və cənab Emin Əmrullayevə göndərilib. Çünki, Botanika İnstitutunun köçürülməsi ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Bizim qanun qarşısında boynumuz incədir. Əgər rəsmi qərar olsa biz köçməyə hazırıq.
Amma herbarilərin köçürülməsi yenə deyirəm, çox təhlükəli prosesdir. Biz herbariləri il ərzində 18 dərəcə temperaturda saxlayır, mütəmadi dərmanlama aparırıq. Herbarilər hesabına öyrəndiyimiz tək bir faktı deyim.

10 il əvvəl 266 bitki itmək təhlükəsində idisə, indi onların sayı 461-dir. Herbarilər məhv olsa onda bu məlumatları necə əldə edə bilərik?! Təəssüf ki, tikinti şirkətinin işçiləri gəlib bizə deyir ki, bu quru yarpaqlar kimə lazımdır?! Belə sözlər bizə çox ağır gəlir”. 

Direktor sonda qeyd edib ki, İnstitutun korpusunun sökülməsi vacib olarsa, hazırda tikintii aparılan dördmərtəbəli binada onlar üçün yer ayrılması yaxşı olar:

“Biz də herbarilərimizi ora daşıyarıq. Və inşaatçılara da müəyyən tövsiyələrimizi verək ki, herbarilərin saxlanacağı yer necə olmalıdır. Bir sözlə biz çox narahatıq. 2 əsrlik fondu olan bir elm məbədinə bu cür münasibət yolverilməzdir”.

Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyevlə əlaqə saxladıq.
Baş direktor bildirib ki,hal-hazırda ərazidə geniş miqyaslı yenidənqurma işləri aparılır:

“Ölkə başçısının sərəncamı ilə icra edilən yenidənqurma işləri çərçivəsində bəzi lazımsız və köhnə tikililər sökülür. Botanika İnstitutu ilə bağlı heç nə deyə bilmərəm”.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan məsələnin ətraflı araşdırılacağı və ictimaiyyətə ətraflı məlumatın veriləcəyi bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO