Qeybətin cəmiyyətdə yaratdığı UÇURUM – Hansı halda dedi-qodu etmək günah sayılmır?

Qeybətin cəmiyyətdə yaratdığı UÇURUM – Hansı halda dedi-qodu etmək günah sayılmır?

Hazırda oxunan: Qeybətin cəmiyyətdə yaratdığı UÇURUM – Hansı halda dedi-qodu etmək günah sayılmır?

128904

İnsanların bir-birinin arxasınca danışması, yəni qeybət etməsi günümüzün ən böyük problemlərindəndir. Xüsusilə də, Ramazan ayında oruc olması vacib orqanlarımızdan biri də dilimizdir.

Qeybət İslam dinində də bəyənilməyən əməllərdəndir və böyük günah sayılır. 

Nəyə görə bu əməl günahdır? Qeybət cəmiyyətdə hansı problemlərə yol aça bilər? 

Dilimizi tutmağın vacibliyi, qeybətin fəsadları ilə bağlı suallara aydınlıq gətirmək üçün mövzunu ilahiyyatçılarla müzakirə etdik.

Heydər məscidinin imamı, ilahiyyatçı hacı Rüfət Qarayev Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Ən İKİÜZLÜ BÜRCLƏR – Üzünüzə gülüb, arxanızca qeybət edənlərin SİYAHISI


“Qeybət, insanın eşidəcəyi zaman xoşuna gəlməyəcək sözlərin onun arxasınca danışılmasıdır. Hətta, “Qurani-Kərim”də buyurulur ki, özü görmədiyi halda birinin qaş-göz hərəkətləri ilə aşağılanması, rişxənd edilməsi də qeybət və günah sayılır.

Belə insanlara “vay olsun”,- deyə buyurulur ki, təfsir alimləri bu kəlmənin cəhənnəm çuxurlarından birinin adı olduğunu bildirir”.

Rüfət Qarayevin sözlərinə görə, qeybət elə bir xəstəlikdir ki, cəmiyyətdə yayıldığı zaman sağalması çətin olur: 

“Alimlərdən birinə sual verirlər ki, vaxtilə qeybətin üfunətli iyi olduğu və insanların onu hiss etdiyi deyilərdi. Bizim dövrümüzdə bu iy niyə hiss olunmur? Alim bildirir ki, dəri dabbaqxanasında çalışan insan o üfunətli iyə o qədər öyrənir ki, qoxunu hiss etmir. Amma yaxınlıqdan keçənlər o üfunəti hiss edirlər. 

İndi qeybət o qədər yayılıb ki, çoxluğundan iyi də hiss olunmur. Yaxud başqa bir misal: Böyük alimlərdən biri yuxuda ondan qarşısına qoyulan leşi yeməyinin tələb olunduğunu görür. O, bu cəzaya nə üçün layiq görüldüyünü soruşur. “Qeybət etmisən” cavabını eşidəndə inkar edir. Bildirirlər ki, sənin yanında kiminsə qeybətinin edilməsinə imkan vermisən. 

Göründüyü kimi dinimizdə nə qeybət edilməsi, nə də ona şərait yaradılması bəyənilmir. Kiminsə sözünü sizin yanınızda danışırlarsa, bir gün sizinkinin də danışılacağına şübhə etməyin”. 

Qeybətimizi edən günahımızı alar

İlahiyyatçı bildirib ki, insan qeybətini etdiyi şəxsin günahlarını da öz üzərinə almış olur: 

“İslam böyükləri, alimləri çalışıblar ki, qeybət etməsinlər və hətta yanlarında bu əməlin edilməsinə fürsət verməyiblər. Qeybəti o zaman etmək olar ki, haqqında danışılan şəxs bunu eşitdiyi zaman onun üçün xoş sözlər olsun, qiyabındə yaxşı sözlər danışılsın. Bunlar haram və qadağan olunmuş qeybət sayılmır”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təhsil İşləri üzrə koordinatoru Fuad Quliyev isə bildirib ki, qeybət bir şəxsin arxasından xoşuna gəlməyəcək şeyləri danışmaqdır: 

“Xalq arasında dedi-qodu da eyni mənada işlədilir. Müəyyən məqamlar var ki, ən çox onlar üzərindən qeybət edilir. Bir insanın əxlaqı, işi, vəzifəsi, dini, geyimi, evi, maşını və s. dedi-qodu mövzusu ola bilir. “Boyu qısadır”, “Saçı uzundur”, “Rəngi xoşuma gəlmədi” və s. bu kimi mövzulardan istehza şəkilində bəhs edilməsi həmin insanın qəlbinin qırılmasına və əxlaqi cəhətdən xoş olmayan vəziyyətin ortaya çıxmasına səbəb olar. 

“Qurani-Kərim” və Hz. Peyğəmbərimizin (s.ə.s.) sünnəsində qeybətin qadağan edildiyini, haram qılındığını açıq şəkildə görürük. “Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - hamısı ondan sorğu-sual olunacaq (İsra surəsi, 36)”.

Yanınızda təhqir olunana yardım edin... 

Müsahibimiz bildirib ki, qeybət edənə qarşı dili ilə etiraz edə bilməyən qəlbiylə də olsa, inkar etməlidir:

“Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir şəxs yanında təhqirə məruz qalan bir insana, gücü çatdığı halda yardım etməzsə, Allah o şəxsi qiyamət günündə insanların önündə rəzil edər”, -deyə əlavə edən müsahibimiz nümunələr gətirib: 

“Kim ki, qardaşının olmadığı yerdə onun haqqında xoşa gəlməyən sözün danışılmasına mane olarsa, qiyamət günündə Allah da onun qüsurlarını, günahlarını örtməyi öz üzərinə götürər. “Ey qəlbiylə deyil, sadəcə diliylə iman edənlər topluluğu! Müsəlmanların qeybətini etməyin!
Ayıblarını araşdırmayın! Kim qardaşının ayıb və qüsurlarının araşdırarsa, Allah da onun qüsurlarını araşdırar. Allah kimin qüsurlarını araşdırarsa, onu evinin içində belə olsa rəzil edər. (Əbu Davud, Ədəb, 40).

“Möminlər yalnız və yalnız qardaşdırlar. İxtilaf etdikləri zaman iki qardaşınızın arasını düzəltməyə çalışın ki, sizə də mərhəmət olunsun” (Hücurat 10). 

Eyni zamanda Peyğəmbərimiz “Mömin möminin aynasıdır. Mömin iki əl kimidir. Biri digərini təmizləyər” - buyuraraq toplumun fitnə və pozğunçuluqdan uzaq tutulmasını istəyib”. 

QMİ rəsmisinin sözlərinə görə, qeybət edən insanlar bir-biri ilə mütləq halallaşmalıdır: 

“Sözünü danışdığımız insana haqqında xoşa gəlməyən sözlər ifadə etdiyimizi deyib, açıq şəkildə haqqını halal etməsini tələb etməliyik. Əks halda qeybət edilən şəxsin haqqı bizə keçmiş olacaq ki, bu da ən böyük günahlardandır.  Axirətdə halallıq verilmədiyi müddətcə, Allah da həmin kəsi bağışlamayacaq”. 
F.Quliyev deyib ki, qeybətdən qorunmanın ən gözəl çıxış yolu insanın öz əksik və qüsurları ilə məşğul olması və öz üzərində çalışaraq onları düzəltməyə cəhd etməsidir. 

Müsahibimiz qeybət sosial münasibətlərə mənfi təsir göstərən ən böyük amillərdən biri olduğunu sözlərinə əlavə edib. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO