Son günlər sosial şəbəkələrdə müzakirələr gedir ki, bir sıra məscidlərdə əməkdaşların əməkhaqlarının verilməsi gecikdirilir. Əmək haqqının gecikmə səbəbi də belə izah edilir ki, əvvəllər məscidlərdəki əməkdaşların maaşını Qafqaz Müsəlmanları İdarəsi ödəyirdi.
Ötən ilin martından isə məscid və ziyarətgahlardakı nəzir qutularına nəzarət QMİ-dən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildiyi üçün əmək haqlarının ödənişlərində problem yaşanır.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Kəbə evində Azərbaycan Prezidentinin etdiyi NİYYƏT - Heydər Məscidindən REPORTAJ
Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər:
“Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”.
Komitənin açıqlamasından belə görünür ki, qanuna edilən dəyişiklikdən 1 il vaxt keçməsinə baxmayaraq, iki qurum arasında təhvil-təslim işləri hələ də başa çatmayıb.
Məsələnin bu qədər uzanması, təbii ki, xeyli sual doğurur. Çünki, uzanan prosesdən konkret əziyyət çəkən, əməkhaqlarını ala bilməyən insanlar var.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media