Azərbaycan dilində etiketi olmayan qida məhsullarının yaratdığı BÖYÜK TƏHLÜKƏ

Azərbaycan dilində etiketi olmayan qida məhsullarının yaratdığı BÖYÜK TƏHLÜKƏ

Hazırda oxunan: Azərbaycan dilində etiketi olmayan qida məhsullarının yaratdığı BÖYÜK TƏHLÜKƏ

128699

Məlumdur ki, ölkəmizdə əhalinin ehtiyacı olan ərzaq məhsullarının bir qismi idxal hesabına ödənilir. Çox təəssüf ki, idxal zamanı bir çox hallarda “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsi hallarına rast gəlinir. 

Məsələn, Rusiyadan, Belarusdan, Gürcüstandan, İrandan və digər ölkələrdən gətirilən qida məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar olmur. Bundan başqa paytaxt və bölgələrdə yerləşən xarici ölkələrin firma mağazalarında təqdim edilən məhsullar üzərində də məlumatlar, əsasən, əcnəbi dildə olur. Bu da həm qanun pozuntusu, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradır. 

Təsadüfi deyil ki, məsələ ilə bağlı AQTA ötən həftə sahibkarlara müraciət edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı məlumat azlığı insan sağlamlığı üçün ciddi təhlükə yaradır:

“”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun köhnəlib. 1995-ci ildə qəbul edilən bu qanun bu günün tələblərinə cavab vermir. Ona görə də, müvafiq dövlət qurumları istehlakçıların hüquqlarının qorunmasından daha çox biznesin təşviqi ilə məşğul olurlar. Hazırda ölkəmizdə xarici ölkələrin firma mağazaları fəaliyyət göstərir. Onların tam əksəriyyətində məhsulların üzərindəki məlumatlar əcnəbi dildədir. Bu da ciddi qanun pozuntusu deməkdir”.

Bəs, məhsulların üzərindəki məlumatların əcnəbi dildə olması sağlamlığımız üçün hansı təhlükələri yaradır?

Qida məhsulları üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, gətirilən bütün məhsulların üzərində Azərbaycan dilində məlumatlar olması qanunvericilikdə öz əksini tapıb:

“Məhz belə olan halda alıcılar istehlak etdikləri məhsulun istehsal tarixini, yararlılıq müddətini, tərkibini, istifadə qaydalarını və digər zəruri məlumatları dəqiq öyrənə bilərlər. Ən əsası məlumatlar rahat oxuna biləcək qaydada olmalıdır. Bundan başqa, bəzi məhsullar var ki, onlara müəyyən qatqılar əlavə edilir. Bu barədə də məlumat verilməlidir. Bəzi məhsullar, məsələn süd məhsullarının bəzi növləri allergiq təsirə malikdir. Ona görə də bu barədə də məlumat olmalıdır. Bu və digər məlumatlar idxal edilən məhsulların üzərində olmayanda alıcılar çətin vəziyyətə düşür”.

Ekspert onu da qeyd etdi ki, ərzağın üzərində məhsul haqqında tam məlumatın olmadığı hallarda onu almaq  və çox saxlamaq məsələhət deyil:

“Çünki, üzərində zəruri məlumatların olmadığı məhsullar istehlak zamanı orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Qida barədə müfəssəl məlumat olmadığı üçün yaranmış fəsadların aradan qaldırılmasında da problem ola bilər. Ona görə də, bütün məhsulların üzərində məlumatlar Azərbaycan dilində və müfəssəl olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO