Bir neçə gün öncə “Azercell” və “Bakcell Apple” şirkətləri əməkdaşlıq çərçivəsində “iPhone” smartfonlarında 5G-ni aktiv etdiklərini açıqladılar.Digər telefon istehsalçıları isə öz telefonlarında bu imkanı elə öncədən də aktiv ediblər.
Maraqlıdır ki, mobil operatorlarımız 5G-dən bəhrələnmək üçün istifadəçiləri Fəvvarələr meydanına yönəltdilər. Çünki hələlik ölkədə heç bir operatorun 5G lisenziyası və konkret bölgə üzrə 5G şəbəkəsi də yoxdur. Operatorlara yalnız bu texnologiyanı məhdud bir ərazidə, Fəvvarələr meydanında testdən keçirmək üçün müvafiq qurum tərəfindən radiotezliklər ayrılıb. Halbuki, bəzi qonşu ölkələrdə artıq bu tip şəbəkələr qurulub və fəaliyyət göstərir.
Bəs, yerli mobil operatorlar 5G üçün müvafiq tezlikləri nə zaman ala biləcəklər?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ ilə bağlı ictimaiyyətə yaxın günlərdə ətraflı məlumat veriləcək.
Mövzunu Bizim.Media-ya şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, indiyədək verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, 5G üçün zəruri olan tezliklər zamanında digər radioxidmətlər tərəfindən əldə edilib:
“Hazırda onlar bu tezlikdən istifadə etməsələr də, müşahidələr göstərir ki, onları kiməsə vermək fikirləri yoxdur. Uzun müddətdir ki, proses bu qaydada davam edirdi. Nəhayət, ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə radiotezliklərdən effektiv və səmərəli istifadə edilməsi ilə bağlı Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilib.
Radiotezliklərin müddətli veriləcəyi, istifadəsiz olan tezliklərin geri alınacağı, həmçinin radiotezliklərin dövlət tərəfindən digər məqsədlər üçün geri alınması ilə bağlı radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi nəzərdə tutulub. Bildiyim qədərilə, hazırda bununla bağlı, xüsusilə də, kompensasiya ilə bağlı mexanizmlərin hazırlanması üzərində işlər aparılır”.
Osman Gündüz onu da qeyd edib ki, Nazirliyin Dövlət Radiotezliklər İdarəsi “Telekommunikasiya haqqında” qanuna edilmiş yeni dəyişikliklərə uyğun olaraq radiotezliklərdən səmərəli istifadə ilə bağlı monitorinqlər aparır:
“Görünən odur ki, 5G ilə bağlı məsələlərdə biz bir xeyli gecikmişik. Artıq tənzimləyici və lisenziya verən qurum - İKTA da fəaliyyətə başlayıb. Hələlik ortada bu tezliklərin hansı qaydada, ənənəvi formada, yoxsa auksionla veriləcəyi, qiymətlərin necə müəyyən olunacağı, şəbəkələrin ayrılıqda yoxsa birgə qurulacağı ilə bağlı Nazirlikdən açıqlamalar yoxdur.
Yerli mobil operatorlar 2017-ci ildən başlayaraq 5G ilə bağlı açıqlamalar versələr də, təəssüf ki, tezliklər ayrılmadığından hələlik bu istiqamətdə real işlər yoxdur. Halbuki, 5G bütün sahələr və cəmiyyət üçün, eləcə də innovasiyaların və texnologiyaların inkişafı üçün çox şeyi dəyişə biləcək potensiala malikdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 04.04.2023
Ölkəmizdə 5G-yə keçid niyə gecikir? – SƏBƏBLƏR
Hazırda oxunan: Ölkəmizdə 5G-yə keçid niyə gecikir? – SƏBƏBLƏR
Hazırda oxunan: Ölkəmizdə 5G-yə keçid niyə gecikir? – SƏBƏBLƏR
128697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.