1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Azərbaycana köməyə gələrək, erməni birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırımının qarşısının alınmasında əvəzsiz rol oynadı.
Döyüşlər bitdikdən sonra isə bir neçə osmanlı əsgəri ailə quraraq, Azərbaycanda yaşamağa davam ediblər. Onlardan biri də Göyçay qəzasındakı döyüşlərdə yaralanaraq, Göyçayın Cəyirli kəndində qalan türk əsgəri Osman Dədəlioğludur.
Türkiyənin Tekirdağ vilayətinin Saray qəsəbəsində anadan olan Osman Dədəlioğlu o zaman Azərbaycana gələrkən 28 yaşı olub. O, döyüşlərdə yaralandığı üçün bir müddət Azərbaycanda qalıb müalicə olunub. Sonralar Azərbaycanda sovet hakimiyyəti quruldu və sərhədlər bağlandığı üçün Türkiyəyə qayıda bilməyən Osman Dədəlioğlu Göyçayın Cəyirli kəndində yaşamalı olur.
O, 1921-ci ildə Fatma adlı xanımla ailə qurur. Fatma xanımdan bir oğlan övladı dünyaya gəlir.
Osman bəy həyat yoldaşı ilə bir neçə il birgə yaşadıqdan sonra Fatma xanım ağır xəstəliyə tutulur. Bundan sonra Osman bəy yoldaşının razılığı ilə ikinci dəfə 1959-cu ildə Yetər adlı xanımla ailə qurur və bu evlilikdən onların iki qız övladı dünyaya gəlir.
Hazırda Göyçayın Cəyirli kəndində Osman Dədəloğlunun bu övladlarından törəyən 100-dən çox nəvə-nəticələri yaşayır.
Osman Dədəlioğlunun qızı Rəsmiyyə Cəbrayılova və nəvəsi Taleh Cəbrayılov öz xatirələrini Bizim.Media ilə bölüşüblər.
Osman Dədəlioğlunun qızı Rəsmiyyə xanım atasının el arasında hörmətli şəxslərdən olduğunu bildirib:
“Atam həmişə Türkiyədəki qohumları ilə məktublaşırdı və onların həsrətini çəkirdi. Qohumları atamı Türkiyə dəvət etsələr də o vaxt yollar bağlı olduğu üçün atam qohumları ilə heç vaxt görüşə bilmədi. Atam dünyasını dəyişəndə bizə bir vəsiyyət qoydu ki, qohumlarımızı axtarıb tapaq. Sonralar Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyədə atamın qardaşı oğlu bizə qonaq gəldi və atamın məzarını ziyarət etdi. Bundan sonra bizim qohumlarla əlaqəmiz yarandı”.
Osman bəyin nəvəsi Taleh Cəbrayılov isə qohumları ilə görüşmək üçün Türkiyəyə getdiyini bildirib:
“Qohumlarım məni çox böyük ehtiramla qarşıladılar və mənim ora getməyimə çox sevindilər. Beləcə babamın da vəsiyyətini yerinə yetirmiş olduq. Bundan başqa, türkiyəli yazar Selman Akı da ailəmizi ziyarət etdi və Azərbaycanda qalan türk əsgərlərindən bəhs edən “Hasret Mektubları” adlı kitabı çap etdirdi. Həmin kitabda ailələrinə qovuşa bilməyən türk əsgərləri haqqında geniş məlumat öz əksini tapıb”.
Qeyd edək ki, hazırda Göyçayın Cəyirli kəndinin əhalisinin böyük əksəriyyətini məhz Osman Dədəlioğlunun ailəsi, nəvə-nəticələri təşkil edir.
Türk əsgəri Osman Dədəlioğluna gəldikdə isə o, 1984-cü ildə 94 yaşında vəfat edib və Göyçayın Cəyirli kənd qəbiristanlığında dəfn olunub. Məlumat üçün qeyd edək ki, hazırda Göyçayın 10-a yaxın yaşayış məntəqəsində naməlum türk hərbçilərinin məzarlarının olduğu bildirilir.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 31.03.2023
1918-ci ildə Azərbaycana gəlib, Göyçayda qalan osmanlı əsgərinin HƏYAT HEKAYƏSİ – FOTO
Hazırda oxunan: 1918-ci ildə Azərbaycana gəlib, Göyçayda qalan osmanlı əsgərinin HƏYAT HEKAYƏSİ – FOTO
Hazırda oxunan: 1918-ci ildə Azərbaycana gəlib, Göyçayda qalan osmanlı əsgərinin HƏYAT HEKAYƏSİ – FOTO
128278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.