Qubadakı soyqırımı məzarlığının bir hissəsi niyə hələ də araşdırılmayıb? – SƏBƏBLƏR - VİDEO

Qubadakı soyqırımı məzarlığının bir hissəsi niyə hələ də araşdırılmayıb? – SƏBƏBLƏR - VİDEO

Hazırda oxunan: Qubadakı soyqırımı məzarlığının bir hissəsi niyə hələ də araşdırılmayıb? – SƏBƏBLƏR - VİDEO

128068

“2007-ci ildə aşkar edilmiş Qubadakı kütləvi məzarlıq ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi soyqırımın əyani sübutudur. Məzarlıq aşkar ediləndən sonra burada geniş miqyaslı arxeoloji qazıntı işləri aparılıb. 

Bu ərazidə 20 kvadratmetr sahə hələ də araşırılmamış qalıb. Həmin vaxt bu sahə erməni lobbisini dəstəkləyən beynəlxalq qurum və təşkilatlara sübut etmək üçün saxlanılıb. Artıq bu sahənin də açılıb geniş arxeoloji baxımdan tədqiq edilməsinə ehtiyac var və vaxtıdır".

AMEA-nın Etnoqrafiya və antropologiya institutunun arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri Qəhrəman Ağayev Bizim.Media-ya müsahibəsində belə bir təkliflə çıxış edib. 

2007-2008-ci illərdə Quba kütləvi məzarlığında arxeoloji araşdırma və qazıntı işləri aparmış Quba ekspedisiyasının rəhbəri olmuş Qəhrəman Ağayev bildirir ki, artıq bütün dünya erməni həyasızlığını yaxşı görür:

“Azərbaycan yalan və iftiralarla deyil, faktlarla Ermənistanın terrorçu dövlət olduğunu ortaya qoyur. Bu mənada hazırda Qubadakı Soyqırımı Memorial Kompleksinin ərazisində saxlanılan 20 kvadratmetr sahəni açıb buradakı faktları dünyaya sübut etməliyik”.

Quba ekspedisiyasının rəhbəri 2007-2008-ci illərdə kütləvi məzarlıqda tədqiqat işləri zamanı ermənilərin 1918-ci ildə dinc insanları müxtəlif və insanlığa sığmayan vəhşi üsullarla öldürməsindən də danışıb. Onun sözlərinə görə, məzarlıqda 2007-ci il aprel ayının 3-dən 2008-ci ilin sentyabrınadək arxeoloji qazıntı işləri aparılıb. Burada insanların qalaqlanaraq basdırıldığı iki quyu və iki arx tədqiq edilib.
Arxeoloqun fikrincə, 1918-ci ildə günahsız insanlar ermənilər tərəfindən müxtəlif ağır işğəncələr verilməklə qətlə yetirilib:

"Yaxınlıqdakı Çuxur hamamın buxarında boğduqdan və yandırdıqdan sonra insanlar gətirilib burada iki quyuda basdırılıb. Hər hansı şahid qalmaması üçün onları dəfn edən dinc insanlar da diri-diri arxlara doldurularaq üzərləri torpaqla örtülüb. Bu qan donduran cinayəti yerində araşdırarkən çox dəhşətli faktlarla üzləşdik.

İnsanların gözü çıxarılıb, burunları kəsilib, beyin və gicgah nahiyələrinə at nalına oxşar dəmir parçaları vurulub, xəncər, balta, digər kəsici və küt alətlərlə bədənin müxtəlif nahiyələrinə zərbələr endirməklə öldürülüblər."

Qəhrəman Ağayev bildirir ki, 2007-ci ildə aparılan araşdırmalar zamanı  kütləvi məzarlıqda ermənilər tərəfindən vəhşicəsinə 600-ə yaxın insanın öldürüldüyü təsdiqlənib. 

“Analoqu olmayan erməni vəhşiliyinin dəhşətli izləri 2007-il də faktların dili ilə Qubadan dünyaya bəyan edilib. Çünki, Qubadakı kütləvi məzarlıq erməni qəddarlığının canlı və bariz nümunəsidir.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO