Nərminin qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər AŞKARLANDI

Nərminin qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər AŞKARLANDI

Hazırda oxunan: Nərminin qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər AŞKARLANDI

128045

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizim.Media "trend.az" a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri bildirib ki, cinayət işinin istintaqında daha bir ziddiyyətli hal aşkarlanıb.

"Cinayət işinin materiallarına əsasən, hadisə yerindən tapılan yanan paltarlar eyni vaxtda iki tam fərqli qurumda olub - həm Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzində, həm də Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində", - vəkillər deyib. 
Prosesdə hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib. 

Ekspertin rəyində yazılıb ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub. 

Vəkil Əlibaba Rzayev isə bildirib ki, açıqlanan tarix səhvdir:

"Sözügedən materiallar tədqiqat üçün 13 yanvar 2020-ci ildən 21 fevral 2020-ci ildə qədər həmin qurumda olub. Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?”. 

Vəkillər bildirib ki, ekspertlərdən birinin yalan danışdığı, ekspert rəyinin saxta olduğu aşkardır. Ona görə digər ekspert də dindirilməli, rəy sübutlar siyahısından çıxarılmalıdır. 

Ekspert Aysel Cavadova dindirilərkən o da məlum olub ki, o, yanğın yerindən tapılmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan materiallarla bağlı rəy verib. Məsələn, o, meyitin əynində cins şalvarın olduğunu göstərir. Rəy verilib ki, o şalvarın da üstündən İlkin Süleymanovun gödəkçəsinin lifi tapılıb. 

Hadisə yerindən isə nə cins şalvar, nə də onun qalığının tapılması haqda heç bir fakt yoxdur. 

Ekspert rəyində daha bir məsələ ziddiyyət təşkil edib. Rəydə göstərilib ki, meyitin üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçası tapılıb. Əslində isə hadisə yerindən belə bir parçanın tapılması haqda da sübut yoxdur. 

Sonradan Süleymanovların evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb. Ekspert isə rəy verib ki, paltarlar arasından tapılan əski parçasıyla Süleymanovların evindən götürülən yorğan üzlüyü eyni parçadandır. 

Vəkillər bildirib ki, ekspert rəy verdiyi materiallar cinayət işinin materiallarında təsdiqini tapmayıb. 

Ekspert qeyd edib ki, o 5 nömrəli bağlamanı açarkən həmin materiallar orada olub. 

Vəkillər isə bildirib ki, cinayət işində olan həmin 5 nömrəli bağlamanın açıq formalı şəkli cinayət işində var və onun içində heç nə olmayıb. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb. Əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi: 

“Həmin kisəyə Zemfira xanım da baxıb, yanmış kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb. Necə olur ki, siz isə oradan hadisə yerində olmayan 5 əlavə material tapırsınız?, - vəkil deyib. 

Vəkillər bildirib ki, İlkin Süleymanovun əleyhinə saxta sübutlar yaratmaq üçün həmin materiallar sonradan bağlamaya əlavə olunub. 

Hadisə yerindən tapılan materiallar – maddi sübutlar da məhkəmə zalına gətirilib. Vəkillər maddi sübutların saxlanma qaydasıyla bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasına baxanda məlum olub ki, bağlamaların ağzı açıqdır, onlar möhürlənməyib. 

Prosesdə vəkillər etiraz ediblər: “Qanun maddi sübutların saxlanma qaydasını müəyyənləşdirib. Bu nədir? Hardadır bu bağlamaların möhürü? Deməli, bu sübutların başına kim nə oyun istəyib, açıb. 

“Baxın, yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması – hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”. 
Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov azyaşlının başına daşla vurmaqla onu qətlə yetirib. Başına isə qan axdığına görə qırmızı əski parçası qoyub. 

Keçirilən bütün məhkəmə iclaslarında zərərçəkmişin hüquqi varisi qismində Nərmin Quliyevanın atası Şərif Quliyev, onun qardaşları iştirak edir. Zərərçəkmiş tərəf məhkəmə prosesində baş verənləri izləyib və heç bir münasibət bildirməyib. 

Proses davam edir. 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO