Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Hirkan Milli Parkında jurnalistlərə müsahibəsində məlumat verib.
Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığın mövcud olduğunu vurğulayan nazir müavini, ümumilikdə, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsinin 893 min hektara bərabər olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən biri zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır: "Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cü ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılan park xüsusi mühafizə olunan ərazilərin hər biri öz unikallığı və ekosistemin unikallığı ilə bir-birindən fərqlənir.”
Azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqların olduğunu qeyd edən Vüqar Kərimov daha sonra deyib: "İki dövlət qoruğumuz, dörd yasaqlığımız işğaldan azad olunmuş Qarabağ bölgəsinin ərazisindədir. Hazırda faktaraşdırıcı qruplar həmin ərazilərdə yasaqlıqlara, qoruqlara, biomüxtəlifliyə dəymiş ziyanın hesablanması ilə bağlı monitorinqlər aparırlar. Növbəti dövrlərdə həmin qoruq və yasaqlıqların bərpası ilə bağlı işlər həyata keçiriləcək.”
Dünya Qoruqlar və Milli Parklar Günü ili əlaqədar Qızılağac və Hirkan Milli parklarının əməkdaşları ilə görüşən nazir müavini, onları əlamətdar gün münasibətilə təbrik edib, həmkarlarına yeni ildə görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb.