Kürdəmir rayonundan 50-60 km aralı 2 ucqar kəndin 3 mindən çox əhalisi illərdir tibb məntəqəsi və internetin yoxluğundan əziyyət çəkir. Yaranmış durumdan təngə gələn sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər. Söhbət Ərəbqubalı və Çölqubalı kəndlərindən gedir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu ucqar kəndlərin sakinlərinin ağır xəstələri olanda tibb məntəqəsi olmadığından onları rayon mərkəzinə aparmalı olurlar. Bu da həm vaxt, həm də əlavə xərc deməkdi. Kənddə yaranmış çətinliklə bağlı sakinlər dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Hər dəfə aidiyyəti qurumların şirin vədlərinə inanan sakinlər artıq bu vədlərə olan inamlarının da itdiyini bildirirlər.
Sakinlər deyirlər ki, internetin olmamasından ən çox məktəblilər əziyyət çəkir. Müəllimlərin verdiyi ev tapşırıqlarının həlli ilə bağlı internetin olmaması üzündən problemlər yaranır.
Şagirdlər dərslərində geri qalırlar. Bəzi ailələr isə mobil operatorların internet xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu da belə ailələr üçün aylıq 50 -100 manat civarında əlavə xərc deməkdi.
Sakinlərin sözlərinə görə bir müddət əvvəl kəndə telefon xətti çəkilməyə başlanılsa da sonradan işlər yarımçıq saxlanılıb. İstismara verilməyən xətlər indi də dirəklərdən asılı vəziyyətdə qalıb. Hazırda sakinlər sözügedən problemlərin nə vaxt həll olunacağını gözləyirlər.
Tibbi Ərazi Bölmələri İdarəsi Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova Bizim.Media-nın yerli bürosuna bildirdi ki, ölkə üzrə vahid səhiyyə modelinin formlaşdırılması ilə əhali məmnunluğunun və tibbi xidmətin təşkili səviyyəsinin yüksəldilməsi məqsədilə rayonlar üzrə tibb müəssisələrinin strukturu təkmilləşdirilir və bu istiqamətdə layihə həyata keçirilir.
“Hazırda əksər rayonlarda yeni modelin tətbiqinə başlanılıb. Tibbi heyətin də yeni struktura uyğun səmərəli yerləşdirilməsi davam etdirilir. Qənaətbəxş vəziyyətdə olmayan tibbi məntəqələri ilə bağlı da davamlı işlər həyata keçirilir, çatışmamazlıqlarn mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur”.
Sakinləri narahat edən digər məsələ, kənddə internet xəttlərinin quraşdırılması ilə bağlı AZTELEKOM ASC-dən Bizim.Media-ya bildirildi ki, Kürdəmir rayonunda internet xəttlərinin çəkilməsi Azəronlayn şirkətinə həvalə olunub.
Azəronlayn şirkətinin əməkdaşı Səbinə Təvəkkülova isə sorğumuza cavab olaraq bildirdi ki, Ərəbqubalı və Çölqubalı kəndlərinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Gipon texnalogiyası əsasında fiberoptik xəttlərin çəkilişi 2024-cü ilə planlaşdırılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 30.03.2023
TƏBİB və AZTELEKOM-a Kürdəmir kəndlərinin sakinləri niyə inanmır? - DETALLAR
Hazırda oxunan: TƏBİB və AZTELEKOM-a Kürdəmir kəndlərinin sakinləri niyə inanmır? - DETALLAR
Hazırda oxunan: TƏBİB və AZTELEKOM-a Kürdəmir kəndlərinin sakinləri niyə inanmır? - DETALLAR
127862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.