Cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında "Təhlükəsiz Şəhər" sistemi çox vacib faktordur. Ötən gün deputat Fazil Mustafaya qarşı törədilən terror bir daha bu məsələni gündəmə gətirdi.
Qeyd edək ki, ölkəmizdə "Təhlükəsiz Şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir. Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və digər bu tip alt sistemləri mövcuddur. Bu avadanlıqlar kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verir.
Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və hökümətin müvafiq qərarları var. Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı Nazirlər Kabinetinin qərarına bir neçə dəfə əlavələr də olub.
Məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı:
“Hazırda isə müşahidə kameraların sayı və keyfiyyəti xeyli artırılıb. Son açıqlanan məlumatlara görə Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində, təxminən 2300 nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib. İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir. Beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müşahidə etdikdə görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var”.
Ekspert onu da qeyd edib ki, “Təhlükəsiz şəhər" sisteminin əsas tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib:
“Lakin görünən odur ki, bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar da var. Baş verənlər və müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır. Yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də icrası istiqamətində problemlər var. Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video müşahidə sistemləri, təmassız biometrik texnologiyalar quraşdırılmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:15 / 29.03.2023
Deputata atılan GÜLLƏ – Bakının hansı yerlərində "Təhlükəsiz şəhər" modeli yoxdur?
Hazırda oxunan: Deputata atılan GÜLLƏ – Bakının hansı yerlərində "Təhlükəsiz şəhər" modeli yoxdur?
Hazırda oxunan: Deputata atılan GÜLLƏ – Bakının hansı yerlərində "Təhlükəsiz şəhər" modeli yoxdur?
127838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.