Bu gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində çalışanların peşə bayramıdır. Xüsusi xidmət orqanı əməkdaşları xidmətin yaranmasının bu gün 104-cü ilini şərəflə və qürurla qeyd edir.
Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində 1919-cu ilin bu günündə kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Həmin ilin iyununda isə bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başlayıb. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olublar.
Dövlət təhlükəsizliyində yeni dönəm
Dövlət Təhlükəsizliyi Xidməti uzun illər SSRİ DTK-nın tərkibində fəaliyyətini davam etdirib. Bir zamanlar məqsədli şəkildə bu xidmətə daha çox qeyri-azərbaycanlıları işə götürürdülər. Hədəf də Azərbaycan xalqını daha çox sıxışdırmaq, azadlıq istəklərini məhv etmək idi.
Nəhayət, Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başladı. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu. Və bu siyasəti uğurla başa çatdırdı.
Məhz 1967-ci ildən sonra bu qurumun yerli təşkilatlarında azərbaycanlı kadrların sayı kəskin şəkildə artdı. Və ötən əsrin 70-80-ci illərində Təhlükəsizlik xidmətində formalaşan və yetişən peşəkar kadrlar müstəqillik illərində Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini verdilər.
Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər ilin 28 mart tarixi Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
44 günlük müharibədəki zəfərin təməl prinsipi
DTX-nin dövlətimiz qarşısında son 4-5 ildəki xidmətləri daha çox təqdir edilməlidir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində və ondan sonra keçirilən anti-terror əməliyyatlarında Dövlət Təhlükəsizlik Xidməti misilsiz uğurlara imza atdı.
Məlumdur ki, bütün müharibələrdə qələbənin əsas təminatçısı sağlam, dəqiq kəşfiyyat məlumatlarıdır. Məhz İkinci Qarabağ müharibəsinin çox qısa və uğurlu olmasının da əsas səbəblərindən biri qabaqcadan əldə edilən dəqiq və unikal məlumatlar idi.
Ona görə də suverenliyimizin bərpasında bu qurumun əvəzolunmaz xidmətləri var. Üstəlik, ölkəmizə qarşı yönələn beynəlxalq təhdid və hərəkətlərin zamanındaca ifşa olunması və qarşısının uğurla alınmasında DTX-nın rolu böyükdür.
Məsələ ilə bağlı Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılla həmsöhbət olduq.
Bizim.Media-ya açıqlama verən İlham İsmayıl bildirib ki, bütün dünyada xüsusi xidmət orqanlarının vəzifəsi həmin dövlətin konstitusion quruluşunu, ərazi bütövlüyünü və müstəqilliyini qorumaqdır:
“Terror, ekoloji təhlükə, milli sağlamlıq və digər məsələlər bundan sonra gəlir. Baxmayaraq ki, bunlar da dövlət qarşısında xüsusi xidmət orqanlarının vəzifələridir.
Azərbaycan gənc dövlət olsa da DTX-nin zəngin ənənələri var. Bu qurum son 3-4 ildə dövlətçilik qarşısında daha böyük xidmətlər göstərib. Həm hazırki rəhbərlik, həm də heyət peşəkardır.Məhz bunun nəticəsidir ki, ölkə daxilində korrupsiyaya, məmur özbaşnalığına qarşı keçirilən peşəkar əməliyyatlar çox uğurlu olub və xalqın dəstəyini qazanıb.
Bundan başqa konstitusiya quruluşunu dəyişmək istəyən qüvvələrə qarşı çox uğurlu mübarizə aparılır. Son bir neçə ildə İranın ölkəmizdəki casus şəbəbkələri bir-birinin ardınca ifşa olunub. Bu çox çətin bir məsələdir. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığından və uğurlarından ağız dolusu danışmaq olar”.
İlham İsmayıllı onu da qeyd edib ki, 44 günlük müharibədə qələbə qazanmağımızda DTX-nin misilsiz xidmətləri olub:
“İlk baxışdan bunu sezmək çətindir. Çünki, müharibədə qələbəni təkcə döyüşlər yox, daha çox qabaqcadan əldə edilən informasiyalar təmin edir. Məhz həmin informasiyalar nəticəsində döyüşlərin hansı istiqamətdə aparılmasının daha böyük uğur qazandıracağı və daha az itki verəcəyimizi müəyyənləşdirmək mümkün oldu. Ona görə də 44 günlük müharibədəki qələbəmizin və Qarabağda sonradan keçirilən anti-terror əməliyyatlarının uğurunda DTX əməkdaşlarının müstəsna əməyi var”.
Xüsusi xidmət orqanlarına durmadan artan etimad
Ekspert son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin DTX-nə bir sıra əlavə səlahiyyətlər verdiyini də vurğulayıb:
“Əlavə səlahiyyətlərin verilməsi, etimadın qazanılması deməkdir. Yada salaq ki, son dönəmlərdə transmilli mütəşəkkar cinayətkarlığa, kibercinayətkarlığa və beynəlxalq terrorizmə qarşı mübarizədə DTX xarici ölkələrdə öz fəaliyyətini xeyli genişləndirib.
Üstəlik, qanunsuz pul köçürmələri ilə bağlı, daha doğrusu Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı quruma verilən əlavə səlahiyyətlər onu göstərir ki, bu orqan dövlət qarşısında bütün öhdəlikləri layiqincə yerinə yetirir.
Unutmayaq ki, Azərbaycan həm beynəlxalq terrorizmin, həm də qonşu dövlətlərin hədəfindədir. Və qürurla demək olar ki, məhz bu qurumun sayəsində həmin təhdid və hərəkətlər vaxtında ifşa edilir , bunların qarşısı alınır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 28.03.2023
104 yaşlı DTX-nin TARİXİ UĞURLARI – Təhlükəsizliyimizi təmin edən qurumun Vətən müharibəsindəki ROLU
Hazırda oxunan: 104 yaşlı DTX-nin TARİXİ UĞURLARI – Təhlükəsizliyimizi təmin edən qurumun Vətən müharibəsindəki ROLU
Hazırda oxunan: 104 yaşlı DTX-nin TARİXİ UĞURLARI – Təhlükəsizliyimizi təmin edən qurumun Vətən müharibəsindəki ROLU
127619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.