31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bakıda bu tədbirlər keçiriləcək - FOTO/VİDEO

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bakıda bu tədbirlər keçiriləcək - FOTO/VİDEO

Hazırda oxunan: 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bakıda bu tədbirlər keçiriləcək - FOTO/VİDEO

127576

31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi tərəfindən 9 dildə buklet hazırlanıb. Azərbaycan, türk, rus, ingilis, fransız, urdi, fars, ərəb və koreya dillərində hazırlanan bukletlərdə 1918-ci ildə erməni terrorçuların Qubada soyqırımı ilə bağlı məlumatlar əksini tapıb.

Bizim.Media-ya Quba şəhərindəki Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı həyata keçiriləcək layihələr barədə məlumat verib. 

“Ermənilərin Azərbaycanın Quba qəzasında  törətdiyi soyqırımından 105 il ötür. Bu il həm də erməni vəhşiliyinin əyani sübutu olan Qubadakı kütləvi məzarlıqda inşa edilən Soyqırımı Memorial Kompleksinin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamasından 10 il ötür. Bu tarixi hadisələrlə bağlı silsilə tədbirlərə fevral ayından start verilib.
İmişli, Kürdəmir, Biləsuvar rayonlarında və Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzlərində soyqırımı ilə bağlı sərgilər və tədbirlər baş tutub. Həmin sərgilərdə 1918-ci ildə Azərbaycanda  erməni vəhşiliyini özündə əks etdirən belaruslu fotoqraf Lev Daşkeviçin çəkdiyi fotolar nümayiş olunub. Növbəti tədbir və sərgi isə Bakının Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq”.

Rəxşəndə Bayramovanın sözlərinə görə, Quba soyqırımının tarixini əks etdirən bukletlər Asan Xidmətin könüllüləri tərəfindən martın 31-də  Bakı, Sumqayıt və Quba şəhərlərində əhalinin sıxlıq  təşkil etdiyi məkanlarda insanlara paylanılacaq.

“Quba Soyqırımı Memorial Kompleksinin Bakıda keçirəcəyi soyqırımı  tədbirləri Bakı Nəqliyyat Mərkəzi və iri ticarət mərkəzləri olan mollarla birgə hazırlanıb.

31 martda Bakı metrosunun  bütün stansiyalarında monitorlarda soyqırımı ilə bağlı video çarxlar nümayiş olunacaq. Bundan başqa bir sıra dövlət təşkilatları ilə birgə anım mitinqlərinin keçirilməsi nəzərdə tutulub”. 
 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO