Özbəkistanlı qadın fermerlər ölkəmizdə nəyə heyran qaldılar?

Özbəkistanlı qadın fermerlər ölkəmizdə nəyə heyran qaldılar?

Hazırda oxunan: Özbəkistanlı qadın fermerlər ölkəmizdə nəyə heyran qaldılar?

127574

Özbəkistanın qadın fermerləri ölkəmizin Şimal-Qərb bölgəsində səfərdədilər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Azərbaycan Kənd Qadınları Assosiasıyasının dəvəti ilə qardaş Özbəkistandan olan bir qrup fermer ilk dəfə ölkəmizə səfər edib. Məqsəd Şimal-Qərb bölgəsində qadın qruplarının fəaliyyəti eləcə də qadınların təşkil etdiyi kooperativlərin işi ilə tanışlıq və təcrübə mübadiləsi aparmaqdır.  

Azərbaycan Kənd Qadınları Assosiasıyası artıq bir neçə ildir kənd qadınlarının cəmiyyətə inteqrasiya olunması, onların cəmiyyətdə özlərini müstəqil iş qadını kimi təqdim etməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

Uğurlu layihələrdən biri evdar və aztəminatlı qadınları qruplar şəklində bir araya gətirib onların istehsal etdiyi məhsulları yerli və xarici bazarlara çıxartmaqdır.

Asossiasiyanın ilk belə qrupları Balakən və Zaqatala rayonlarında fəaliyyətə başlayıb və bu qadın qruplar artıq öz istehsal məhsulları ilə öz maddi gəlirlərini artıra, ailə büdcələrini genişləndirə biliblər. Artıq bölgə qadınlarının sorağı beynəlxalq festival və sərgilərdən gəlir. Bu özbəkistanlı fermerlərin də diqqətindən yayınmayıb.  

Özbəkistanda Beynəlxalq qadın fermerlər cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin üzvü Dilfuzə Movdinova bildirir ki, azərbaycanlı xanımların işi ilə beynəlxalq sərgilərdən birində tanış olub. Bu layihə onların diqqətini cəlb edib.
Dilfuzə xanım Bizim.Media-ya müsahibəsində bildirib ki, indiyə qədər bir neçə türkdilli ölkələrdə səfərdə olub. Amma Azərbaycana səfərləri daha yaddaqalan olub.

“Azərbaycanda bizi çox istiqanlı qarşıladılar. Qonaqpərvərlik burda yüksək səviyyədədir. Biz Azərbaycan xanımlarının yaratdığı qruplar və kooperativlər haqda beynəlxalq sərgi və müsabiqələrdə eşitmişdik. Sonra onların işlərini əks etdirən videomateriallarla tanış olduq.

Doğrudan bu layihələr diqqətimizi cəlb etdi və Kənd Qadınlar Assosiasiyası ilə əlaqələr yaratdıq. Bizi çox mehriban və bir ailənin üzvü kimi qəbul etdilər. Ölkənin müxtəlif bölgələrinə səfərlərimiz nəzərdə tutulur. Biz bu əməkdaşlığı mütləq genişləndirəcəyik”.

Qax rayonundan sonra Zaqatalaya gələn özbək fermerlər burada qadın qrupların fındıq bağları ilə tanış olub. Həmçinin Muxax kəndində qadın qrupunun istehsal sahələrində olublar. Daha sonra özbək fermerlər rayonun Yengiyan kəndinə gəlib. Burada qadın qrupunun əl işləri ilə tanışlıq, qonaqlarda xoş təəssürat yaradıb.  

                      “Qardaş Azərbaycan xalqına minnətdarıq”

Ulduz Kərimova Özbəkistanın tanınmış qadın fermerlərindəndir. Bildirir ki, bir fermer olaraq bizi bu qədər zəngin görüş və maraqlı tədbirlər gözlədiyini heç ağlımıza gətirməzdik. 

“Burada qadınların əl işlərini, istehsal etdiyi məmulatları görəndə anladıq ki, onlar bir araya gəlməklə böyük işlərə imza atırlar. Bu günlər biz həm də yerli folklor qruplarının çıxışlarını izlədik, xüsusən unudulmaqda olan xörəklərin dadına baxdıq. Bütün bunlara görə qardaş Azərbaycan xalqına, bizi qonaq edən xanımlara minnətdarıq”. 
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova bildirir ki, ilk illər qadınlar bu işlərə o qədər də maraqlı deyildi.

“Layihənin uğurlu nəticələri və qruplar arasında vaxtaşırı təcrübə mübadiləsi göstərdi ki, bizim qadınların böyük potensialı var sadəcə onları üzə çıxarmaq lazımdır.

Bu layihə onlarda həm də özünəinam hissini bərpa etdi. Bu gün özbəkistanlı fermer qadınların təcrübəmizi öyrənmək istəməsi çəkilən əziyyətin ilk bəhrəsi kimi əvəzsizdir”. 

Özbək fermerlər Yengiyan kənd qadın qrupunun fəaliyyətini, onların folklor nümunələrini böyük maraqla izləyiblər. Bu cür görüşlərin gələcəkdə davam etdirilməsi üçün tərəflər razılıq əldə edib. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO