Koronovirusdan sonra yaranan GÖZ XƏSTƏLİKLƏRİ – Doktor Tural Qəlbinurla MÜSAHİBƏ

Koronovirusdan sonra yaranan GÖZ XƏSTƏLİKLƏRİ – Doktor Tural Qəlbinurla MÜSAHİBƏ

Hazırda oxunan: Koronovirusdan sonra yaranan GÖZ XƏSTƏLİKLƏRİ – Doktor Tural Qəlbinurla MÜSAHİBƏ

127040

Həkim oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb üzrə elmlər doktoru Tural Qəlbinur Bizim.Media-ya göz xəstəlikləri və bu vacib orqanın maraqlı tərəfləri ilə bağlı müsahibə verib. 

- Tural doktor, bu gün insanlar arasında hansı göz xəstəlikləri üstünlük təşkil edir və bunun səbəbləri nələrdir?

- Göz xəstəliklərinə yol açan bir çox səbəblərdən oftalmoloqların tez-tez rastlaşdıqları korreksiya olunmamış refraksiya anomaliyalarını və kataraktanı vurğulaya bilərəm. Müasir dövrdə  "quru göz" sindromu da yetərincə yayılmış problemdir. 

Öz təcrübəmizə əsaslanaraq isə deyə bilərəm ki, Azərbaycanda hazırda şəkərli diabet xəstəliyi pik səviyyəsinə çatıb. Şəkərli diabet isə gözdə diabetik retinopatiya deyilən patologiya yaradır ki, o da öz növbəsində gözün qan damarlarının,  görmə sinirinin geridönməz zədələnməsinə səbəb olur. 

- Qarşıdan yaz ayları gəlir. Soyuqdan sonra günəşli hava gözlərimizə necə təsir edir və necə qorumalıyıq?

- Gözlər günəş şüalarından qorunmalıdır.  Onun spektrində enerjinin bir qismi ultrabənövşəyi radiasiyanın payına düşür ki, bu şüalar gözün içərisinə nüfuz edə, billura və torlu qişaya çataraq onları zədələyə bilər. Bu isə kataraktaya (linzanın bulanmasına, mirvari suyuna) səbəb ola, həmçinin gözün təbii qocalma prosesini sürətləndirə bilər. Ona görə bu kimi xoşagəlməz hallardan ən asan və effektiv qorunma üsulu keyfiyyətli gün eynəklərinden istifadə etməkdir.

- Koronavirusdan sonra orqanlarda bir sıra qalıcı fəsadlar ortaya çıxdı. Xəstəliyin gözlərə hansı təsirləri oldu?

- Keçirilmiş koronovirus allergik reaksiyaların aktivləşməsinə, xorniki proseslərin, məsələn, qlaukomanın kəskinləşməsinə səbəb ola bilər. Ən agır hallarda isə görmənin aşağı enməsinə, görmə sinirinin ödemini, göz əzələlərinin spazmı və torlu qişanın iltihabını belə müşahidə edə bilərik.

- Gözlər qəlbin aynasıdır, deyilir məcazi mənada. Orqanizmdə baş verən hansı neqativ hallar, xəstəliklər gözlərdə əks olunur?

- Görmə orqanımız ən mürəkkəb şəkildə qurulub, bir çox mikrodamarlar, sinir ucları orada yerləşir, müxtəlif maddələrin, məsələn, xolesterin və s. deposu kimi təsəvvür edilə bilər.

Beləliklə, bədəndə baş verən hər hansı bir dəyişiklik, şübhəsiz ki, göz almasının strukturlarında dəyişiklik şəklində əks olunacaq.

Məsələn, həzm sisteminin patologiyalarından birində artıq bilirubin meydana gəlir və bu artıq bilirubin bədəndən dərinin, gözün epitelisi və böyrəklər vasitəsilə xaric olur. Beləliklə, dəri və sklera sarımtıl rəng əldə edə bilər.  Belə dəyişikliklər olduqda,  qastroenteroloqla əlaqə saxlamaq və biokimyəvi qan testini aydınlaşdırmaq lazımdır.

Gözdə ən çox görülən dəyişiklik qırmızı göz sindromudur. Çox vaxt görmə orqanında iltihabi proseslər damar reaksiyası ilə müşayiət olunur. Müxtəlif etiologiyalı konyunktivitlər (bakterial, virus, allergik, mexaniki, qarışıq və s.), buynuz qişanın və ya skleranın iltihabı, gözün xoroid qişasının iltihabı, gözə yad cismin daxil olması və s. Bunlardan hər hansı biri oftalmoloqla təcili məsləhətləşməni tələb edir.

- Göz yaşlarının duzlu olmasının səbəbi nədir və bu duzluluğu yaradan hansı bədən üzvüdür. Göz yaşının bu özəlliyi olmsaydı, nə baş verərdi?

- Göz yaşı gözümüzün buynuz qişasını nəmləndirir və beləliklə, yad cisimlərdən qoruyur. Bundan əlavə, gözyaşının tərkibində çox faydalı lizozim maddəsi var. Bir çox mikrobları öldürə bilər. Biz ağlamadığımız zaman da göz yaşı vəzilərdən daima ifraz olunur. Gözlərimizi yuyur, təmiz saxlayır. Göz yaşı həqiqətən duzludur, çünki onun tərkibində bir neçə növ duz var, o cümlədən natrium xlorid - yemək üçün istifadə etdiyimiz eyni xörək duzu. Ümumiyyətlə, göz yaşları, kobud desək, qan törəməsidir. Və o, təbii ki, duzludur!  Qan və göz yası mayesinin kimyəvi tərkibi oxşardır. Onun tərkibi bədənin vəziyyətindən asılı olaraq dəyişir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO