Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Naxçıvan Muxtar Respublikasında “Novruz Şəhərciyi” çərçivəsində bayram tədbirləri keçirilir. Şəhərcikdə tədbirlər 19-26 mart tarixlərində "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində, saat 10:00-dan 22:00-a qədər davam edəcək.
Bizim.Media xəbər verir ki, hər gün xüsusi bayram proqramı ilə əyləncəli tədbirlər, böyüklər və uşaqlar üçün günün müxtəlif saatlarında açıq hava sineması, tanınmış sənətçilərlə möhtəşəm konsertlər planlaşdırılır.
Sevilən mahnıları ilə 22 mart tarixində İlqar Muradov, 23 mart tarixində Ceyhun Ares, 24 mart tarixində Eldar Qasımov, 25 mart tarixində Tofiq Hacıyev və 26 mart tarixində Hiss Novruz Şəhərciyində səhnə alacaq.
Tədbir planı çərçivəsində hər gün Naxçıvan MR rayonlarından Novruz şəhərciyinə bir saatdan bir pulsuz nəqliyyat xidməti fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Şəhərcik Novruz Küçəsi və Novruz bazarından ibarətdir. Mədəniyyət və incəsənət nümunələri, xalq folklorları, konsertlər, uşaqlar və böyüklər üçün açıq hava sineması və bu kimi tədbirlər Novruz küçəsində yer alır.
Novruz bazarı isə Novruz şirniyyatlarından milli təamlara, milli süvenirlərdən Naxçıvan istehsalı məhsullara, kənd təsərrüfatı məhsullarından fastfood-lara və muxtar respublikada fəaliyyət göstərən brendlərin məhsullarının satışına, ümumi yarmarkaya qədər alış-verişə aid hər şeyi özündə birləşdirir.
Festival ab-havasında gerçəkləşən tədbirin təşkilatçısı Element şirkətidir. Şirkətin rəhbəri Adam Yunisov əhalinin bayramı, özəl günləri, asudə vaxtlarını əyləncəli, səmərəli şəkildə keçirməsi üçün bu cür tədbirlərin və festivalların Naxçıvanda daha çox təşkil olunacağı müjdəsini verdi.
Naxçıvan MR-in yerli holdinq və müəssisələri də tədbirin keçirilməsində fəal iştirak etdilər. Novruz Şəhərciyinin təşkilati sponsorları Arkoz Holdinq, Cahan Holdinq, Nəqşicahan Holdinq, Ləzzət Qida Sənaye MMC oldu.
Bizim.Media