Arzusu ölümündən sonra reallaşan GƏNCƏ ŞƏHİDİ – FOTO/VİDEO 

Arzusu ölümündən sonra reallaşan GƏNCƏ ŞƏHİDİ – FOTO/VİDEO 

Hazırda oxunan: Arzusu ölümündən sonra reallaşan GƏNCƏ ŞƏHİDİ – FOTO/VİDEO 

126239

“Ən böyük arzusu müharibədən döndükdən sonra fotostudiya açmaq idi. Hələ döyüşlərə qatılmamışdan öncə də həmişə bizimlə söhbət edəndə deyirdi ki, nə olursa-olsun hər şəraiti olan bir studiya yaradacam. 

Sonuncu dəfə 2020-ci ilin 8 noyabrında zəng etmişdi. Dedi ki, ata darıxmayın, düşmənlərin sonuna az qalıb. Anamı qoru. Onunla danışa bilmirəm. Bilin ki, sizi çox istəyirəm. Qələbə bizimdir”. 

Bu sözləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan və nəşi yalnız 4 ay sonra tapılan Vüsal Məmmədovun atası Elşən Məmmədov Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib. 

O bildirib ki, Gəncədə doğulan, burada böyüyüb boya-başa çatan 23 yaşlı oğlu Vüsal 2016-cı ildə həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra o fotoqraf kimi fəaliyyət göstərib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan İlham Əliyev tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması ilə bağlı qərar verməsindən və Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq, Vüsal Məmmədov yenidən hərbi xidmətə çağrılıb. 

İlkin mərhələdə adi əsgər kimi quru qoşunlarına çağrılan Vüsal sonradan könüllü olaraq Xüsusi Təyinatlı qrupun tərkibində vuruşaraq, Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yer alıb:
“Vüsal təbiətcə sakit və mehriban, çox mərd, qorxmaz bir uşaq idi. Həmişə telefonla danışanda mənə də, anasına da da ürək-dirək verirdi. Elə hey bizdən narahat olmamağımızı istəyirdi. Döyüş yoldaşlarının dediklərinə görə, oğlum özü yaralı olduğu halda döyüşü davam etdirib, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstərib” - deyə atası Vüsal haqqında öz xatirələrini bölüşür.

Elşən Məmmədovun sözlərinə görə, müharibə bitdikdən sonra 4 ay oğlunun adı itkin düşənlərin siyahısında olub. O bu müddətdə Vüsalla bir yerdə vuruşan döyüş yoldaşları ilə görüşüb, həmin vaxt Xocavənd istiqamətində oğlu ilə bir yerdə olan uşaqlarla danışıb. Dəfələrlə son döyüş gedən əraziyə axtarış qrupu göndərilsə də, nəticəsi olmayıb:
“Son ana qədər nə mən, nə anası, nə də əzizləri ümidimizi itirməmişdik. Noyabrın 9-da həmin döyüşdə əsir düşən Vüsalın yoldaşları da geri qayıtdıqdan sonra bir daha əmin olduq ki, oğlumuz əsirlikdə deyil. Onda bildik ki, o, qəhrəmancasına şəhid olub. Amma bir valideyn kimi bizə çox ağır idi. Sonda biz Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya oğlumun tapılması ilə bağlı müraciət etdik. 2021-ci ildə, martın 11-də oğlumun həmin ağır döyüşlər gedən ərazidə, dərənin dibində nəşinin tapıldığını çatdırdılar” - deyə şəhidin atası o günləri xatırlayır.

Vüsal Məmmədovun nəşi bütün təsdiq prosedurlarından sonra martın 18-də, məhz bu gün doğulduğu Gəncə şəhərində, şəhidlər xiyabanında torpağa tapşırılıb:

“Mən bizə oğlumun nəşinin tapılmasında əməyi olan hər kəsə, bizə diqqət və qayğısını əsirgəməyən Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanım Əliyevaya ailəm adından dərin minnətdarlığımı bildirirəm. Düzdür, biz şəhid ailələri övladlarımızı itirmişik. Amma qürurluyuq. Bizim balalarımız Vətən uğrunda, torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçiblər” - deyə şəhidin anası Səbinə Məmmədova bildirib.

Bu gün, martın 18-də qəhrəman şəhidimiz Vüsal Məmmədovun torpağa tapşırılmasından 2 il ötür. Amma doğulduğu, böyüyüb boya-başa çatdığı Gəncə şəhərində onun xatirəsi daim qəlblərdə yaşayır. Bu yaxınlarda Vüsalın fotoqraf dostları, onun ailəsi ilə birlikdə şəhidimizin ən böyük arzusu olan fotosturdiyanı yaradıblar. Studiyaya şəhid Vüsal Məmmədovun adı verilib:

“Biz Vüsalın dostları ilə birgə onun ən böyük arzusunu reallaşdırdıq. İndi fotostudiya oğlumun adını daşıyır. Vüsalın şəkilləri, onun istifadə etdiyi fotoaparat, digər avadanlıqlar bir xatirə olaraq studiyadadır. Vüsal qəlblərimizdə yaşayır, Vüsal kimi minlərlə şəhidlərimiz insanların düşüncəsində əsl qəhrəman kimi daim yaşayacaqlar. Mən oğlumla fəxr edirəm” - deyə şəhidin atası öz sözlərini qürurla tamamlayıb.
9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vüsal Elşən oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medallarla təltif edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO