Novruz bayramı ilə əlaqədar orta məktəblərdə 10 günə kimi davam edəcək tətil başlayır.
Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü martın 17-si, bayramdan sonra ilk iş günü martın 27-də olacaq.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü martın 18-i, bayramdan sonra ilk iş günü martın 25-nə düşür.
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Mənalı istirahət üçün vacib olanlar
Müddət az deyil. Yəni, uşaqların istirahət etməsi üçün müəyyən fürsət yaranıb.
Dərslərin məsuliyyəti, digər tərəfdən yaz aylarında orqanizmdə baş verən prosesləri nəzərə alsaq, tətildən ən faydalı şəkildə istifadə edənlər bir addım öndə olacaq. Bəs, bunun üçün nələrə diqqət olunmalıdır?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova Bizim.Media-ya mövzu ilə bağlı danışıb:
“Bayram və tətil günləri uşaqların istirahəti ilə yanaşı, intellektual inkişafı üçün də yaxşı bir fürsət kimi dəyərləndirilə bilər. Hər bir valideyn xüsusən bu günlərdə övladını texnologiyadan, telefon və kompyuterdən uzaq tutmağa çalışmalı, daha çox açıq havada gəzməyə, onlarla birlikdə vaxt keçirməyə üstünlük verməlidir. Eyni zamanda, birlikdə rəsm çəkmək, idman etmək, kitab oxumaq və s. kimi məşğuliyyətlər də nəinki uşaqların inkişafına fayda verir, həm də onların zövqünü formalaşdırır”.
Plan quranda uşaqların fikrini öyrənmək vacibdir
N.Rüstəmova vurğulayıb ki, valideynlər tətil günlərində plan qururlarsa, bunu uşaqlarla birlikdə etməli və onların fikirlərini də öyrənməlidirlər:
“Valideynlər uşaqların fikrini soruşmalı və ortaq qərar alınmalıdır. Beləliklə, valideyn artıq bununla övladına bir şəxsiyyət kimi yanaşır, bu da uşaqlarda özgüvən hissini artırır. Çox zaman bu planlamanın yalnız ana-atanın bir-biri ilə məsləhətləşərək təşkil etdiyini və uşaqların bundan kənarda qaldığını müşahidə edirik. Bu doğru yanaşma üsulu deyil.
Uşaqlar kənarda qaldıqlarını, onların heç bir fikrinə önəm verilmədiyini gördükdə özünə inamsızlıq yaşayır və nəticədə valideyn-övlad münasibətində zamanla bir çox problemlər yaranır”.
Uşaqlar rejimdə qalmalıdır
Qeyd edək ki, bayram günlərində böyüklər adətən yuxu rejiminə əməl etmir. Gec yatır və s. Çox vaxt uşaqlar da bu “qaydaya” uyğun hərəkət edir. Mütəxəssislər bunun yolverilməz olduğunu deyir.
Müsahibimiz deyir ki, uşağın rejimdə qalması diqqətdə saxlanmalıdır:
“Valideynlər uşağın yuxu rejiminin pozulmamasına, gecə-gendüz yuxusunun qarışmamasına, tətil günlərində xüsusi diqqət yetirməlidirlər. Belə ki, tətil günləri sona çatdıqda rejimsiz uşaqlarda səhər erkən oyanmaq, məktəb və ya bağçaya getmək prosesi çətinləşir. Hətta bu hallar davamlı baş verdikdə irəli dönəmlərdə belə uşaqlarda məktəbə və bağçaya qarşı aqressiya yaranır.
Doğru yuxu rejimi uşağın böyüməsi, inkişafı ilə bərabər sinir sisteminin, əsəblərinin də normada olması üçün vacibdir. Saatlarla telefon, televizor və kompyuterlə məşğul olmaq və ya günün çox hissəsini ancaq kitab oxumaq yerinə gününü planlayıb, hissələrə bölüb hər hissədə bir məşğuliyyəti yerinə yetirmək olar. Yaxşı olar ki, uşaqlar valideynlərinin köməyi ilə bu günlərdə özlərinə günlük hədəflərindən ibarət cədvəl qursunlar. Gün içərisində həmin cədvəldə qeyd etdiklərinə əməl etməyə çalışsınlar”.
Dostlarla görüşməyin vacibliyi
Psixoloq tətil günlərində uşaqların bağça və ya məktəb yoldaşları ilə görüşlər təşkil etməyi, onların birgə oyunlar oynaması, əylənməsi üçün şərait yaratmağı da tövsiyə edir: “Beləcə onların tətil günləri həm səmərəli, həm öyrədici, həm də maraqlı keçmiş olar”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 18.03.2023
Uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün nə etməli? - TÖVSİYƏ
Hazırda oxunan: Uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün nə etməli? - TÖVSİYƏ
Hazırda oxunan: Uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün nə etməli? - TÖVSİYƏ
126217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.