Azərbaycanda reklam qurğularının tikintisinə icazə verilməsi ilə bağlı tələblərdə dəyişiklik ediləcək. Bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, reklam qurğularının tikintisinə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada həyata keçiriləcək.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Reklamçılar İttifaqının icraçı katibi Cahid Həsənov bildirdi ki, reklam şəhərin simasını formalaşdıran bir seqmentdir:
MÖVZU İLƏ BAĞLI:
Tarixi abidələrin üzərindən reklam banerləri yığışdırılacaq – ADRA yeni LAYİHƏ HAZIRLAYIR
“Ona görə də reklam yerlərinin müəyyən edilməsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi tam doğrudur. Çünki, reklam lövhəsi təkcə tanıtım və vergi ödəyici subyekti deyil. Həm də şəhərsalmada bir elementdir. Ona görə də reklam lövhələrini harda gəldi və hansı ölçüdə oldu asmaq olmaz. İndi daha çox rast gəlirik ki, parkların kənarları sanki reklam lövhələri ilə hasarlanıb. Və yaxud, tarixi binaların qarşısı reklamlarla kəsilib. Bu qətiyyən yolverilməzdir. 5-10 manata görə şəhərin memarlıq ansamblına xələl gətirmək olmaz”.
İcraçı direktor məsələ ilə bağlı müəyyən təkliflər də səsləndirdi:
“Əgər açıq hava reklamına nəzarət tamamilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilsə onda şəhərin ümumi siması xeyli dəyişəcək. İndiki vəziyyətdə reklama vəsait ödəyicisi kimi baxıldğından bütün gözəgəlimli yerlərdə reklam lövhələri quraşdırılıb. Bəzən hansısa tarixi binanın üzərinə quraşdırılan 10-15 tonluq reklam lövhəsi binada əsmə yaradır, binanın daşıyıcı divarlarına əlavə yük olur. Üstəlik hara gəldi açıq hava reklamlarının quraşdırılması cansıxıcılıq yaradır. Nəticədə şəhərin estetik tərtibatında xaos yaranır”.
Surxay Atakişiyev, Bizim.Media