Bir çox gənclər Azərbaycanı xarici ölkələrdə təmsil edərək, müxtəlif uğurlu layihələr həyata keçirirlər. Azərbaycanı indi elm, iqtisadiyyat, biznes və digər sahələrdə uğurlara təmsil edən imzalarımız var.
Bizim.Media Azərbaycanı Ukraynada layiqli təmsil edən iş adamı Araz Quliyevlə söhbətləşib, biznesmenin uğur hekayəsini öyrənməyə çalışıb.
Araz Quliyev Azərbaycanı Ukraynada təkcə biznes sahəsində deyil, həm də siyasi arenada da təmsil edir. O, Ukraynanın Sumı Vilayət şurasının deputatıdır.
Bizim.Media Araz Quliyevlə maraqlı müsahibəni təqdim edir:
- İstərdim əvvəl özünüz haqqında məlumat verəsiniz, Araz Quliyev kimdir?
- Naxçıvanda doğulmuşam,daha sonra ailəmlə Bakıya köçmüşük. Təhsilimi Bakı Özəl Türk litseyində ingilis dilində bitirmişəm. Məktəbi bitirdikdən sonra dövlət proqramı ilə Royal Holloway, University of Londona daxil olub, xaricdə təhsilmi davam etdirdim. Universiteti bitirdikdən sonra Azərbaycana qayıdıb hərbi xidmətə yollandım.
- Necə oldu yolunuz Ukraynaya düşdü? Niyə məhz Ukrayna?
- Mən Londonda təhsil alandan Ukrayna ilə yaxın münasibətlərim vardı. Dostlarım tez-tez məni ora dəvət edirdilər.
2014- cü ildən Ukraynaya investisiya yatırmağa başladım. O zamanlar orada ölkədaxilində olan çəkişmələrdən sonra daşınmaz əmlak bazarında durğunluq var idi, qiymətlərın səviyyəsi çox aşağı düşdü. Biz də orada bir neçə torpaq sahəsinə yatırım etdik.
- Siz, Ukraynada hansı sahə üzrə fəaliyyət göstərirsiz? İstərdim bu barədə danışasınız?
- Fəaliyyətim əsasən tikinti sektoru üzərində qurulub. Kiyev şəhərində kiçik bir şəhər salmaq fikrinə düşmüşdüm, o xəyalımı yavaş-yavaş reallaşdırıram. Təxminən 7 min ailə üçün nəzərdə tutulan kompleks inşa edirik. Bir az biznes fəaliyyətimizin yönünü dəyişmək istəyirik. Aqrar sektorda da bacarıqlarımızı yoxlamaq fikrimiz var.
- Ukrayna mühitinə uyğunlaşmaq necə çətin olmadı ki?
- Düzdür havasına bir az gec alışa bildim. Çox soyuq idi, Bakının mülayim havasından sonra ora öyrəşmək bir az çətin idi. Lakin əsas insanları çox xoş və qonaqpərvər olduğu üçün adaptasiya dövrüm asanlıqla keçdi.
- Siz həm də Ukraynanın Sumı vilayətinin deputatısız. Həm də siyasi fəaliyyətlə məşğulsunuz. İstərdim bu barədə danışasınız.
- Mən ümumiyyətlə siyasətçilərlə yaxın dostluqlarım olub. Demək olar ki, mühitin içində olmaq mənim üçün doğmadır. Mənə Sumı vilayətindən təklif gəldi və mən bunu qəbul etdim. 2-3 ay təbliğat apardım və seçicilərim sonda mənə səs verdilər.
- Siyasətlə məşğul olmaq çətin deyil?
- Xeyr, bizneslə məşğul olmaq daha çətin və məsuliyyətlidir.
- Azərbaycann siyasi arenasında öz gücünüzü sınamaq fikriniz var?
- Azərbaycan mənim vətənimdir. Əlbəttə ki, öz ölkəndə siyasətlə məşğul olmaq, xalqın üçün daha faydalı olmaq çox gözəl qismətdir. Tale qismət edərsə, niyə də yox?
- 44 günlük Vətən müharibəsi zaman Ukraynada vəziyyət necə idi? Ukraynalılar Azərbaycanı haqq savaşında dəstəkləyirdilərmi?
- Ukraynada insanların əksəriyyəti bizi dəstəkləyir. Onlar bizə qarşı çox isti münasibət bəsləyirlər. Onlar heç ermənilərə qarşı bu cür mövqedə deyillər. Onlar hər zaman Azərbaycanı dəstəkləyiblər və bir dövlət olaraq da bizim yanımızda olublar.
Müharibə dövrü mən demək olar ki, səhər 4-5 qədər yatmayıb, Bakıdan xəbər gözləyirdim. Bəzən torpaqlarımızı azad etdiyimiz barədə ilk şad xəbəri mənə ukraynalı dostlarım çatdırırdı.
- Bu zamanda Ukraynada yaşayan ermənilər necə davranırdılar? Hansısa problem, çətinlik yaradıblar?
- Əlbəttə ki, onların azərbaycanlılara ziyan vurmaq arzuları hər zaman olub. Lakin Ukrayna dövləti buna heç vaxt imkan verməyib.
- Hansı cəhətləriniz sizi uğura apardı və hazırdada bir biznesmen kimi nəyi özünüzə təlqin edirsiz?
- İlk növbədə əzmkarlıq, daha sonra risk etmək bacarığı və analiz etmək. İş adamlarında bu xüsusiyyətlər mütləq olmalıdır.
- Cibimiz boşaldıqca ətrafımızda boş qalır. Oxşar vəziyyətə düşmüsüz?
- Xeyr, olub cibim boş qalıb, ancaq mənim ətrafımda sadiq dostlarım çoxdur. Vaxtında pul dostlarını əhatəmdən uzaqlaşdırmışam.
- Pulla nəyi satın almaq olar, nəyi olmaz? Bəzi insanların fikrincə pulla hər bir şey satın alına bilər.
-Xeyr, o insanların fikirləri ilə heç razı deyiləm. Pulla hissləri almaq olmur. Sevgi, hörmət bunlar satın alına bilməz.
- Sizcə dünyada hamı eyni hüquqa sahib olmalıdır?
- Təməl hüquqları bəli, ancaq digər hüquqlar eyni olmamalıdır. Məsələn əgər bir insan öz üzərində çox işləyib, əziyyət çəkib, digəri isə kef edib, əylənib. Bunların hüquqlarının eyni olması özü ədalətsizlik olardı. Belə təqdirdə insanların motivasiyası, inkişaf həvəsi olmazdı.
- Sizcə biz ətrafımızdakılara kömək etməyə borcluyuq?
- Düzdür buna heç bir məcburiyyət yoxdur, ancaq yardım etmək çox gözəldir. Əlindəkiləri ətrafında ehtiyacı olan insanlarla bölüşmək insana mənəvi rahatlıq verir. İstər pandemiya, istərsə də müharibə dövründə, istərsə də müharibədən sonra öz ianələrimizi, yardımımızı bacardığımız qədər etmişik. Bu, bizi yetişdirən Vətən qarşısında müqəddəs borclarımızdan biridir.
- İstərdim gələcək planlarınız haqqında danışasınız?
- Əsas hədəfim siyasi və biznes uğurlarımı genişləndirməkdir. Bir də hörmətli insan olmaq. Deyim ki, əsas da hədəfim bunun üzərində qurulub.
- Azərbaycanda necə biznes fəaliyyəti ilə məşğul olmaq fikriniz var?
- Bizim şirkət daima Azərbaycana investisiya qoyur, burada da səmərəli biznes ilə məşğulam. Ölkəmizə yönəlik nəzərdə tutduğumuz sərmayələri daha da artırmaq fikrindəyik.
- Siz çox məşğul insansınız, uğurlu biznesmensiniz, boş vaxtınızda, daha doğrusu işdən sonra nə etməyi, hansı işlə məşğul olmağı sevirsiniz?
- Kitab oxumağı xoşlayıram. Daha sonra futbol, bilyard oynamağı sevirəm. Yaxşı film izləyərəm.
- Nəyi hədiyyə verməzsiniz?
- Kitablarımı heç kəsə hədiyyə etmərəm. Böyük bir kitab kolleksiyam var. Kiməsə oxumağa verəndə, dərhal geri istəyirəm.
- Sizin üçün gözəllik idealı nədir?
- Mənim üçün gözəllik idealı gözəl övladlar və əxlaqdır.
- Bir təcrübəli iş adamı kimi yeni biznez quran insanlara, gənclərə nə tövsiyyə edərsiz?
- Əsl iş adamının uğur hekayəsi bitməməlidir. İş adamının “bu qədər uğurum mənə yetər” dediyi anda onun inkişafı dayanacaq. Bundan başqa iş adamı risk etməyi bacarmalıdır.
- 2020-ci il sizin üçün nə ilə yadda qaldı?
-2020-ci il bizim üçün əsas Qələbə ili kimi yadda qaldı. Bu qələbəyə görə biz, Ali Baş Komandanımız İlham Əliyevə və Müzəffər ordumuza borcluyuq.
İnşallah, azad olunan torpaqlar yaxın zamanlarda əsl sakinlərinə qovuşacaq. Biz oranı yenidən quracağıq və torpaqlarından didərgin düşən insanlar rahatlıqla o torpaqlara geri dönəcəklər.
Müharibə başlayanda Prezidentin ətrafında dəmir yumruq kimi birləşməyimiz bizi uğurun ən ali zirvəsinə qaldırdı. Azərbaycan milləti hər zaman Ali Baş Komandanın əmrini gözləyirdi. Qələbə münasibətilə bütün Azərbaycan xalqını, Prezident İlham Əliyevi və Müzəffər ordumuzu təbrik edirəm.
Söhbətləşdi: Vüsalə Balayeva, Bizim.Media