Adil Qeybulladan Qubad İbadoğluna SƏRT İTTİHAMLAR – “Layk quyruğunda sürünən...”

Adil Qeybulladan Qubad İbadoğluna SƏRT İTTİHAMLAR – “Layk quyruğunda sürünən...”

Hazırda oxunan: Adil Qeybulladan Qubad İbadoğluna SƏRT İTTİHAMLAR – “Layk quyruğunda sürünən...”

125602

Tanınmış həkim, professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah Hərəkatından istefa verdiyini bəyan edib.

Bu barədə sosial şəbəkə hesabında yazan professor Hərəkatın sədri Qubad İbadoğlunun ünvanına da tənqidi fikirlər səsləndirib. 

Adil Qeybulla ilk növbədə, Qubad İbadoğlunun uzun müddət partiya sədri və Partiyanın Məclis sədri vəzifəsini paralel icra etməsinə iradını bildirib:

“Təsəvvür edin, demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur, təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”.

Bu vəziyyətin partiya daxilində ikitərliyə səbəb olduğunu qeyd edən professor əlavə edib ki, “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra vəziyyət daha da qəlizləşib:

“Məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz. Azərbaycanın müstəqillik tarixində misli görünməyən bu insident bir daha göstərdi ki, demokratiya və hüquq uğrunda mübarizə bəziləri üçün fenotipik mənzərədir, onun mahiyyətə hopmasına isə hələ uzun bir yol vardır, təəssüf ki... 

Siyasi inkontinensiya mərəzindən əziyyət çəkən layk hörgütünün quyruğunda sürünən, qeybdən səda gözləyən qırılmış ümidlərə isə bizim Qalaktikadan salamlar olsun! Bir sözlə, bu cür təşkilatda fəaliyyətimi bitmiş hesab edirəm və istefa verdiyimi bəyan edirəm”.

Hərəkatın sədri Qubad İbadoğlu hələlik susqunluğunu qorusa da, Hərəkatın Nəzarət-Təftiş komitəsinin üzvü Akif Nəcəfli Adil Qeybullanın istefasına “İqtidar son oyununu oynadı”, - deyə reaksiya verib.

Qeyd edək ki, ADR daxilində parçalanma səslələri hələ ötən ilin noyabrından etibarən gəlməyə başlayıb. 

Partiyanın aparıcı üzvlərindən olan Səxavət Əlisoy noyabrın 2-də sosial şəbəkə hesabında Qubad İbadoğlunu tənqid atəşinə tutub:

“Sən, Qubad İbadoğlu, heçmı xəcalət çəkmirsən, yazdıqlarından? Bir də bax yazdıqlarına. Bu idarəçilik üsulunun adı nədir? Nə qədər qəzetə, sayta zəng etsən də, hərəkətinin üstünü örtə bilməzsən. Sözümü deyəcəm, susacaqsan. Susacaqsan, ona görə yox ki, cavab verməyi özünə rəva bilmirsən. Ona görə ki, etdiyin hərəkətin adı yüzdəyüz namərdlikdir”.

Bundan əlavə, S.Əlisoy partiyanın “Whatsapp” qrupundakı yazışmaları paylaşaraq, İbadoğlunu qrant almaqda ittiham edib:

“Başını aşağı sal, qrantını al! Ortaq dostlarımız var. Fikir bildirməyə cəsarəti çatmayanlar oxusun və vicdanı qarşısında kimin haqlı, kimin də haqsız olduğuna cavab versinlər”.

Həmin vaxtdan etibarən başlayan narazılıqlar, 2023-cü ilin əvvəlində yenidən açıq formada görülməyə başlandı. Yanvarın 12-də isə Q.İbadoğlu ADR fəaliyyətinin Hərəkat olaraq davam etdiriləcəyini açıqlamaqla, faktiki olaraq, partiyanın buraxıldığını elan etdi.

Yanvarın 16-da ADR İdarə Heyətinin üzvü, professor Adil Qeybullanın partiyanın fəallarından olan Efik Muradlının ölümü ilə bağlı yazdığı nekroloqda bildirdiyi fikirlər parçalanma ilə bağlı söz-söhbətləri daha da gücləndirdi. A.Qeybulla ADR İH-nin bir sıra üzvlərinin imzasını nekroloqda qeyd etsə də, İbadoğlu bu siyahıda olmayıb.

Eyni zamanda həkimin yazdığı bu fikirlərin də ADR sədrinin ünvanına yönəldiyini görmək elə də çətin deyil:

“Məlum hərəkat-partiya arxipelaqında replikasiya və klonlaşma xətti tutanlar bir incə məqamda yanılırlar. Düşünsünlər, özlərini yenidən dəyərləndirsinlər. Göyə dikəlmiş barmaqlara digər anatomik “pozision” da təklif etmək imkanımız var”.

Səxavət Əlisoyun yanvarın 17-də “facebook” hesabından yazdıqları isə partiyadaxili durumu daha aydın şəkildə gözlər önünə sərmişdi:

“Professor Adil Qeybullanın iki gün əvvəl paylaşdığı nekroloq ADR partiyasının artıq ikiyə bölündüyünü göstərir. 12 Yanvarda Londonda sərəncam imzalayan sədr ADR Partiyası İH-ni buraxdı. ADR Hərəkatı yenidən gündəmdə. ADR Hərəkatı yaranandan bəri 5 İH üzvü istefa verib. İH-in 4 üzvüisə dünyasını dəyişib. Yerdə qalan 7 təsisçi faktiki olaraq iki cəbhəyə bölünüb. Adil Qeybulla bir tərəfdə, "dünyaca ünlü" iqtisadçı Qubad İbadoğlu o biri tərəfdə dayanıb”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO