“Su kanallarını betonlamaq üçün azı 120 il vaxt lazımdır” - ASC-dən bədbin PROQNOZ

“Su kanallarını betonlamaq üçün azı 120 il vaxt lazımdır” - ASC-dən bədbin PROQNOZ

Hazırda oxunan: “Su kanallarını betonlamaq üçün azı 120 il vaxt lazımdır” - ASC-dən bədbin PROQNOZ

125298

Satistikaya görə, ölkəmizdə istifadə edilən içməli suyun 40, suvarma suyunun isə 60 faizi itkiyə gedir. Suvarma kanalları dövrün tələblərinə cavab vermədiyinə görə ötürülən suvarma suyunun çox az hissəsi əkin sahəsinə gedib çatır. Rəsmi statistikaya görə ölkəmizdə su ötürən kanalların 70 faizi torpaqdandır. Torpaq kanallarının su ötürmək qabiliyyəti isə çox aşağıdır. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Bizim.Media-ya bildirilib ki, ölkə ərazisində 52 min kilometrdən çox suvarma şəbəkəsi mövcuddur:

“Torpaq kanalların hamısını betonla əvəz etmək mümkün deyil. 2003-2022-ci illərdə ölkə ərazisində 5 min kilometr beton kanal çəkilib. Bu məsələ bir, iki və beş ilə tam həll olunan məsələ deyil, hər il davamlı olaraq işlər görülür. Su itkisinin qarşısını almaq üçün 2003-cü ildən bəri 4 su anbarı tikilib, 3 su anbarı bərpa edilib”.
 

MÖVZU İLƏ BAĞLI:

Suyun qiyməti artırılacaqmı? - RƏSMİ AÇIQLAMA  


Qurumun verdiyi rəqəmlərə nəzər salsaq, 18 ildə cəmi 8.5 faiz torpaq suötürücüləri betonlaşdırılıb. Bu minvalla Azərbaycanda su kanallarını betonlaşdırmaq üçün azı 120 il vaxt lazımdır. Hələ biz onu qeyd etmirik ki, belə su qıtlığı ilə üz-üzə qalmış ölkədə tarlalarda tətbiq olunan suvarma prinsipi əsil israfçılıq və ədalətsilikdir. Tükənən ehtiyatı nəzarətsiz buraxmaq ən azından doğru deyil.

Ekspert Akif Nəsirli Bizm.Media-ya bildirib ki, bu sahədə başlıca problem odur ki, Azərbaycanda su idarə edilmir.

Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC suyu böyük kanallar vasitəsi ilə istehlakçılara ötürür:

“Bundan sonrakı mərhələyə heç bir dövlət qurumu nəzarət etmir. Nəticədə, israfçılıq və ədalətsiz bölgü yaranır. Yuxarı hissədə olanlar daha çox su götürür, aşağıdakılarsa korluq çəkir. Əvvəllər su daha yaxşı idarə olunurdu. Hər bir təsərrüfat subyektinin və yaşayış məntəqəsinin su norması vardı. Bu normadan nə artıq, nə də əskik su verilmirdi”.

Ekspert onu da qeyd etdi ki, ölkədə 136 su anbarı var:

“Amma bu anbarların heç 10 faizi tam gücü ilə işləmir. Elə su anbarları var ki, cəmi 20-30 faiz gücü ilə işləyir. Bir sözlə 100 faiz gücü ilə işləyən anbar yoxdur. Çünki, anbarlar lillə dolub və o lil təmizlənmir. Bu yaxınlarda Pirsaat su anbarında oldum. Həmin ambarın dərinliyi 18 metrdir. Amma bu dərinliyin 13-14 metri lillə dolub. Cəmi 3 metrlik su tutumu qalıb. Ona görə də Şamaxı dağlarında qar əriyəndə bu anbarda lazımı qədər su yığmaq mümkün deyil. Ona görə də su qəza kanalı vasitəsi ilə axıdılır Xəzər dənizinə. Hazırda həmin qəza kanalı suyla dolu axır. Amma ambarda lazımı ehtiyat yoxdur. Nəticədə, 50 min hektar ərazinin cəmi 10 faizi əkilib-becərilir. Ona görə ki, su çatmır”.

Akif Nəsirli bildirdi ki, ən qısa zamanda 136 su anbarının hamısı lildən təmizlənməlidir:

“Azərbaycanda su anbarlarının sayı 200 çatdırılmalıdır. Məhz bu hesaba il boyu yağan yağışlardan lazımı qədər bəhrələnə bilək. Ötürücü kanallar artıq boru kəmərləri ilə əvəz edilməlidir. Su kanalla ötürüləndə bir tərəfdən buxarlanır, digər tərəfdən torpağa filtirasiya olunur. Nəticədə, böyük ölçüdə su itir və kanalların keçdiyi ərazilərdə torpaqlar şoranlaşır. Hazırdan kanalların borularla əvəzlənməsi üçün də iqtisadi imkanlarımız var”.

Ekspert təklif etdi ki,  fermerlərə subsidiyalar verilməlidir ki, onlar suvarmanı yeni texnologiya ilə aparsınlar:

“Gərək çoxdan biz damçılı və çiləmə suvarma sisteminə keçəydik. Nəzərə alaq ki, damcılı suvarma həm məhsuldarlığı yüksəldir, həm torpağın şoranlaşmasının qarşısını alır, həm də suya olan tələbatı minimuma endirir. Ən başlıcası, suya böyük ölçüdə qənaət edilər. Təsəvvür edin ki, çiləmə üsulu ilə suvarma 10 dəfə qənaət imkanı yaradır. Hər fermerin sahəsinin kənarında balaca su anbarı olsa yeni texnologiya ilə əkin sahəsini istədiyi qədər suvara bilər. Bu hesaba da əkin dövriyyəsinin həcmi artar.


Nəzərə alaq ki, hazırda 4,6 milyon hektar əkinə yararlı torpaq sahələrimiz var. Onunda cəmi 1,6 milyon hektarı davamlı su ilə təmin edilir. Deməli, əkinə yararlı torpaqlarımızın ən azı 2/3-i suvarılmır. Bu da kənd təsərrüfatının geriləməsi deməkdir. Əgər biz yeni suvarma sistemlərinə keçə bilsək onda 4,6 milyon hektar ərazinin hamısını suvara bilərik. Nəticədə, aqrar sektor ən azı 3 dəfə inkişaf etmiş olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO