Axır çərşənbədə BU HƏRƏKƏTLƏRİ etmək olmaz – Eviniz dağıla bilər 

Axır çərşənbədə BU HƏRƏKƏTLƏRİ etmək olmaz – Eviniz dağıla bilər 

Hazırda oxunan: Axır çərşənbədə BU HƏRƏKƏTLƏRİ etmək olmaz – Eviniz dağıla bilər 

125294

Xalqımızın ən qədim, ən Öz bayramı olan Novruza qədər Su, Od, Yel çərşənbələrini artıq geridə qoymuşuq. Bu gün çərşənbələrin sonuncusu olan ilaxır çərşənbə - Torpaq çərşənbəsini qeyd edirik. 

Sonuncu və yaxud Torpaq adını verdiyimiz bu çərşənbə xüsusilə fərqlənir.

Torpaq müqəddəsliyinin mifologiyamızda xüsusi yeri var. Bundan başqa, xalqımızın etnik-əxlaqi dəyərlər sistemində torpaq-yurd, vətən, anlayışı ilə yanaşı çəkilir. Torpaq, həm də yaradılışın maddi əsası hesab olunduğu üçün vacib və müqəddəs sayılır. 

Axır çərşənbənin bölgələrə görə fərqi 

İlaxır çərşənbənin özünəməxsus, hətta hər bölgənin nisbətən fərqli adət-ənənləri var. İlin sonuncu çərşənbəsinə kimi artıq Novruzun bütün hazırılıqları-təmizlik, yır-yığış, halva və şirniyyatların bişirilməsi kimi proseslər başa çatdılır. Bazarlıq edilir, evdəkilərlə yanaşı, yaxın qohum-əqraba üçün də bayram “xələti” alınır. İlaxır çərşənbəyə kimi il ərzində rəhmətə gedənlər üçün “qara bayram” mərasimləri də başa çatdırılır. İnsanlar Torpaq çərşənbəsini Novruzun özü qədər, bəzən ondan artıq sevgi ilə qeyd edirlər.

İlaxır çərşənbə günü müxtəlif yeməklər hazırlanır. Ağsaqqallar, ağbirçəklər, xəstələr ziyarət edilir, qohum-əqrəbalar bir-birinə "bayram payı” aparır. Bu çərşənbənin ən gözəl adətlərindən biri də hamının ən azı bir “qələm” yeni paltar geyinməsidir. Axşamlar isə tonqal qalanır, bütün ailə üzvləri tonqalın başına toplaşır. Ağırlığını, çətinliyini tonqalın üzərində yandırmaq üçün insanlar 3 dəfə odun üzərindən atılır. Sonra tonqalın üstünə üzərlik atılar, il boyu evdən qada-bəlanın uzaq olması arzulanar. 
 

MÖVZU İLƏ BAĞLI:

FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə MÜRACİƏT - VİDEO 


İnama görə, ilaxır çərşənbədə qalanan tonqal heç vaxt su ilə söndürülməməlidir.Tonqal özü sönəndən sonra isə onun külünü yığıb, həyətdən uzaq təmiz bir yerə tökərlər.

İlaxır çərşənbədə evlərdə və həyətdə ailə üzvlərinin sayı qədər şam yandırılır.  İnama görə, kimin adına yandırılan şam ən gec sönərsə, həmin adam ailədə ən uzun ömürlü olar.

Qeyd edək ki, professor Azad Nəbiyev dördüncü çərşənbə kimi Torpaq çərşənbəsini qəbul edərək onun özəllikləri haqqında yazıb:

“Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılayıb. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi, – deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.

Axır çərşənbə günü ulu ata-babalar evə qonaq gələr

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev Bizim.Media-ya bildirib ki, Novruz sisteminin ən təntənəli günü İlaxır çərşənbədir: 

“İlin sonuncu çərşənbəsi Şimallı-Cənublu Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız “İlaxır çərşənbə” adıyla deyilir, qeyd olunur. İndiyədək aparılmış etnoqrafik tədqiqatlar Cənubi və Şimali Azərbaycanda, bütün bölgələrimizdə son doğru çərşənbənin yalnız İlaxır Çərşənbə adlandırıldığını dönə-dönə təsdiqləyir. İlaxır Çərşənbənin Torpaq çərşənbəsi adlandırılaraq, ictimayi rəyə yeridilməsi qeyri-elmi olmaqla yanaşı, Azərbaycanın bayramlar, mərasimlər ənənəsini təhrif etmək deməkdir”. 

Müsahibimiz maraqlı olan inancdan söz açıb:

“İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır Çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub.

Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür”.
B.Əliyev qeyd edib ki, bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. Belə ki, insanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. 

“Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər”, - deyə müsahibimiz əlavə edir.

Alim bildirib ki, Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir:

“Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır. İlaxır çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.

İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur”.

Novruza qədər qalan günlərin sayında nə məna var?

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev Torpaq çərşənbəsi haqqında deyir:

“Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi.
Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayinlərlə müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində – yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri – sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni – Axır çərşənbə digər özündən əvvəldə gələn üç çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur.

Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının – yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan bu cür yüksək əhvali-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digərlərindən üstün keçirilməsi və həmin çərşənbələrin ayinlərini də əhatə etməsi məhz bununla əlamətdardır.

Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!

İlaxır çərşənbədə nə olar, nə olmaz? 

- İlaxır çərşənbədə uşağa beşik düzəldərlər.

- İlaxır çərşənbədə gün çıxmamış su üstündən hoppanarlar.

- İlaxır çərşənbədə tonqal yandırarlar.

- İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

-İlaxır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.

- İlaxır çərşənbədə qorxanların başından su töküb, qorxunu alarlar.

- İlaxır çərşənbədə evdən pul, qonşuya ələk verməzlər.

- İlaxır çərşənbədə günü şamı yarımçıq söndürməzlər.

- İlaxır çərşənbədə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür.

- İlaxır çərşənbədə vəfat etmiş yaxın adamların adlarını sadalayaraq, "filankəslərin adına qazan asdım” deyib, qazana ət, düyü və s. tökərək, yemək hazırlayarlar.

Axır çərşənbəniz mübarək olsun!

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO