Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması ilə əlaqə saxladıq. İcmanın sədri Əziz Ələkbərli Bizim.Media-ya bildirdi ki, məsələ ilə bağlı biz bəyanat hazırlamışıq. Həmin Bəyanatda deyilir:
MÖVZU İLƏ BAĞLI:
Qarabağ erməniləri Bakıda görüşə dəvət edilir - PA
“Biz Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Çünki, bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və reinteqrasiyadan keçir. Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik”.
Bəyanatda daha sonra qeyd edilir ki, Qərbi Azərbaycan İcması olaraq, biz də bu günlərdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana Ermənistandan qovulmuş azərbaycanlılar adından məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq:
“Belə hesab edirik ki, Azərbaycan hökumətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquqlarını qorumağa hazır olduğunu bəyan etdiyi və bu istiqamətdə əməli addımlar atdığı kimi, Ermənistan hökuməti də qarşılıqlı şəkildə bizim hüquqlarımızı təmin etmək üçün konkret addımlar atmalıdır.
Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik. Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və re-inteqrasiyaya əsaslanır. Xarakterik haldır ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı məhz Azərbaycan tərəfidir. Ümid edirik ki, erməni tərəfi “etnik uzlaşmama” kimi bədnam yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çox mədəniyyətlilik kimi ülvi bəşəri dəyərləri əxz edəcək”.
Surxay Atakişiyev, Bizim.Media