Oğuz rayonunun Padar kəndində şəhid Arzu Əliyev adını daşıyan tam orta məktəbin yubileyi qeyd olunub.
Bizim.Media-nın yerli bürosu rayon icra hakimiyyətinə istinadən bildirir ki, “Üç əsri özündə yaşadan məktəbim” adlı yubiley tədbirində rayon rəhbərliyi, Şəki-Zaqatala regional təhsil idarəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, eləcə də bu məktəbin keçmiş məzunları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Padar məktəbinin 140 illiyinə həsr edilən və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub.
Qonaqları salamlayan məktəbin direktoru Əntiqə Tahirova Padar məktəbinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib. Bildirib ki, bu təhsil ocağında şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında, onların ölkə və dünyanın müxtəlif ali məktəblərinə çıxmasında müəllimlərin xidməti əvəzsizdir. Belə ki, məhz təcrübəli pedaqoji kollektivin sayəsində Padar məktəbi uğurlara imza atır.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov məktəb kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yubiley tədbirində təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlər Oğuz rayon icra hakimiyyəti və Şəki-Zaqatala regional təhsil idarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu