Daxili qoşunların qazisi döyüş əməliyyatlarının gizli məqamlarını AÇIQLADI - FOTO

Daxili qoşunların qazisi döyüş əməliyyatlarının gizli məqamlarını AÇIQLADI - FOTO

Hazırda oxunan: Daxili qoşunların qazisi döyüş əməliyyatlarının gizli məqamlarını AÇIQLADI - FOTO

125134

Azərbaycanın daxili qoşunlarının yaranmasının 31 ili tamam olur. Tarixinə qanla yazılmış şanlı səhifələri az olmayan qoşun növünün keçmişinə nəzər salsaq, orada xeyli döyüş əməliyyatlarına rast gəlmək olar. 

Bizim.Media-nın əməkdaşı qoşunların qazisi, zabit Sərxan Mehtiyevlə həmsöhbət olub.

O, qoşunların yaranma illərində keçdiyi döyüş yolundan, şəxsi heyətin göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb: 

"Yarandığı tarixdə bu qoşun birləşməsinin əsas işi daxili sabitliyi qorumaq, əsas dövlət idarələrini mühafizə etmək olsa da, ölkədə baş verən proseslər məcbur etdi ki, onlar torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etsin. Onlar ilk dəfə Ağdam rayonunun Qalayçılar kəndində yerləşən qarşıdurma xəttinə gəlmişdilər. Azərbaycan 1992-ci ilin iyun ayında əks-hücum əməliyyatlarına başlayanda daxili qoşunlar da kənarda qalmadı.

Onlar Agdərədən tutmuş Çıldırana qədər vuruşdu. Ümumiyyətlə daxili qoşunların döyüş müddətində 680 şəhidi, 1200 nəfərə yaxın yaralısı olub. Onlardan 9 nəfərə Azərbaycanın Milli Qəhrəman adı verilib".

Əslən Ağdamın Əliağalı kəndindən olan Sərxan Mehtiyev elə həmin illərdə könüllü qatıldığı milli ordunun tərkibindən daxili qoşunlara keçib. Keçmiş Ağdərə rayonunun bir çox kənd və yüksəkliklərinin azad edilməsi əməliyyatlarında iştirak edib. 

Deyir ki, şəxsi heyətin tərkibində gənc və döyüş təcrübəsi az olan əsgərlər olmasına baxmayaraq onlar cəsur və fiziki sağlam gənclər idi:

"Əsgəran qəsəbəsi istiqamətində, Canyataq, Gülyataq kəndlərinin azad edilməsində, Sırxavənd-Qazançı ətrafındakı yüksəkliklər və Fərrux dağı istiqamətində gedən döyüşlərdə iştirak etmişik. Döyüşçülərin hamısı gənc və vətənpərvər döyüşçülər idi. Necə deyərlər, ölümün gözünə dik baxan igidlər idi. Bir dəfə təklif etdim ki, itki çox olmasın deyə düşmənin arxasına keçib içəridə döyüş aparaq. Onda hər kəs bir nəfərə kimi düşmən arxasına keçməyə hazır idilər".

Həmin illər daxili qoşunların sonuncu döyüş əməliyyatı 1994-cü ildə baş tutub. Horadiz əməliyyatına qoşulan birləşmə Horadiz və bir neçə kəndin azad edilməsində fəal iştirak edib: 

"Həmin döyüşlərdə tank əleyhinə vasitələri tükənən bir qrupun döyüşdüyü səngərə erməni tankı hücum edib. Buna baxmayaraq həmin döyüşçülər səngəri tərk etmədən son damla qanlarına qədər döyüşmüşdülər. Bizim qoşun birləşmələrinin özündən sonrakı silahdaşlarına əmanət qoyduğu qəhrəmanlıq ruhu Vətən müharibəsində öz sözünü dedi. Bildiyiniz kimi daxili qoşunların döyüşçüləri Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda iştirak etdi. Bu, bizi çox qürurlandırır".

Qeyd edək ki, 44 günlük müharibədə daxili qoşunların 66 nəfər döyüşçüsü şəhid olub, ümumilikdə 346 nəfər yaralanıb. Dörd döyüşçü “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bundan başqa şəxsi heyətdən onlarla insan yüksək orden və medallarla təltif olunub. 
Yaranma tarixindən 31 il keçən daxili qoşunlar, hazırda da ölkənin çətin coğrafi relyefli ərazilərində, işğaldan azad edilmiş bölgələrdə xidməti davam etdirir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO