Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i, yəni 29,2 faizi narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu isə 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
Bu da onu göstərir ki, quru sərhədlərin qapalı olmasına baxmayaraq, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.
Görəsən, hansı amillər bu mənfi tendensiyanın artmasına rəvac verib:
Sabiq polis əməkdaşı Mahmud Hacıyev Bizim.Media-ya açıqlamasında sözügedən məsələ ətrafında baş verən artımı xarici amillərlə əlaqələndirib:
MÖVZU İLƏ BAĞLI:
İranla sərhəddə xüsusi ƏMƏLİYYAT - FOTO
“Burada sensasiyalı hal yoxdur. Narkotik maddələrin dövriyyəsinin artması Azərbaycan daxili proseslərlə bağlı deyil. Ona qarşı Azərbaycanda güclü mübarizə aparılır. Ümumiyyətlə, son illər dünyada, o cümlədən MDB məkanında da narkotik və psoxotrop maddələrin qanunsuz dövriyyəsi artıb. Yəni analoji proses bütün dünyada özünü göstərir. Analoji tendensiya ölkəmizə də öz təsirini göstərir”.
Vəkil Vamiq Şükürov isə düşünür ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin artmasına insanların maddi cəhətdən aşağı səviyyədə yaşamaları öz təsirini göstərib:
“Narkotik maddələrin qanunsuz dövriyyəsinin artması daha çox insanların maddi imkansızlığı ilə bağlıdır. Vəkil olaraq icraatımda olan işlər belə qənaətə gəlməyə əsas verir. Amma bu da əslində səbəb deyil. Maddi imkansızlığa görə cinayət törətməyin özü əxlaqa uyğun gəlmir”.
Rüfət Sultan, Bizim.Media