Ölülərini Qara çaydan çırmanaraq keçirib dəfn edən kənddən - REPORTAJ

Ölülərini Qara çaydan çırmanaraq keçirib dəfn edən kənddən - REPORTAJ

Hazırda oxunan: Ölülərini Qara çaydan çırmanaraq keçirib dəfn edən kənddən - REPORTAJ

124637

Oğuz rayonunun Xalxal kəndi mərkəzdən xeyli aralıda yerləşsə də turizm potensialı olan yaşayış məntəqələrindən sayılır. Hər il bu kəndi təxminən 15-20 minə yaxın turist ziyarət edir. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, kəndin yol infrasturukturu qənaətbəxş olsa da daxildən axan Qara çay bır sıra problemlər yaradır. Belə ki, kəndin içərisindən keçən çayın yaratdığı fəsadlar nəticəsində bu kəndin məktəbinə, uşaq baxçasına eləcə də qəbirstanlığına gedən körpüləri sel yuyub dağıdıb. İndi sakinlər dar keçidlərin ümidinə qalıblar. 

İki min sakinin yaşadığı Xalxal kəndinin daxilindən axan Qara çay bu yaşayış məntəqəsini iki hissəyə bölür. Payız və yaz aylarında dağlardan axan güclü sel-suları çayın hövzəsini genişləndirməklə yanaşı həm də üzərindəki körpüləri yuyub aparıb. 

50 sm eni olan odun parçasının ümidinə qalan insanlar

Kənd qəbrstanlığına gedən və çayın üzərində sakinlərin istifadə etdiyi keçiddəyik. Əgər buna keçid demək mümkündürsə. Belə ki, iki odun parçasının birləşməsindən ibarət, eni 50 sm olan bu dar keçid kənd qəbrstanlığına gedən yeganə yoldur. Yaz-payız aylarında çaya sel gələndə buradan istifadə etmək mümkün olmur. İnsanlar öz ölülərini çırmanıb çayın içindən keçirərək dəfn etməyə aparırlar. 

Kənd sakini Fazil Dadaşov dünyadan köçmüş yaxınlarının məzarlarını ziyarətə gəlib və bu dar keçiddən keçəndə hər dəfə özünü sirat körpüsündən keçmiş kimi hiss etdiyini deyir.    

“Qar-yağış yağanda burdan keçə bilmirik. Keçməyə məcbur olanda min bir zəhmət çəkirik. Əvvəl burda körpü olub, uzun illər qabaq sel- suları dağıdıb aparıb. Ondan sonra düzəltmək mümkün deyil. Bunu da atırlar bələdiyyənin boynuna. Bələdiyyədə də heç bir vəsait yoxdur”. 

Kənddə fövqəladə vəziyyət olarsa...

Qara çayın sol sahilində yerləşən uşaq baxcası və kənd məktəbinə gedənlərin də qayğıları yetərincədir. Xüsusən azyaşlı uşaqlarını məktəbə gətirən valideynləri bu keçidlərin yaxınlığında daha tez-tez görmək mümkündür. Dəfələrlə olub ki, azyaşlı uşaqlar keçiddə problem yaşayıb və büdrəyiərək yıxılıblar. Digər tərəfdən məktəbə və uşaq baxcasına nəqliyyat vasitəsinin gedə bilməməsi də ən böyük problemlərdən sayılır. 

Kənd sakini Xəyal Əhmədov bildirir ki, əgər kənddə fövqəladə hal baş verərsə onda çətin ki, müvafiq qurumlar sakinlərin harayına yetişə bilsinlər. 

Məsələ ilə bağlı kənd icra nümayəndəsinə müraciət edəndə “xəstəyəm” deyib, bizə bələdiyyə sədri ilə danışmağı məsləhət gördü.

Bələdiyyə sədri Amil Abbasov bildirdi ki, sonuncu dəfə körpülər 2009-cu ildə bələdiyyə büdcəsi hesabına təmir olunub: 

“İki il sonra sel onları dağıtdı. Bununla üçüncü dəfədir körpüləri sel dağıdır. Axırıncı seldən sonra biz bu körpüləri bərpa edə bilmədik. Bələdiyyəmizdə vəsait çatışmır. Heç işçilərə əməkhaqqı da verə bilmirik. Əgər sakinlər maddi dəstək olsalar təmir işlərinə başlaya bilərik”. 

Oğuz rayon icra hakimiyyətindən isə bildirdilər ki, Xalxal kənd sakinlərinin sosial qayğıları onların da diqqətindədir: 

“Məsələnin həlli üçün bütün imkan və vasitələrdən istifadə olunur” - deyə icra hakimiyyətindən bildirdilər. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO