Odla suyun qoşalaşdığı Yanar bulaqdan REPORTAJ - FOTO/VİDEO

Odla suyun qoşalaşdığı Yanar bulaqdan REPORTAJ - FOTO/VİDEO

Hazırda oxunan: Odla suyun qoşalaşdığı Yanar bulaqdan REPORTAJ - FOTO/VİDEO

124606

Xalq arasında qədimdən belə bir deyim var: “Odla su bir arada olmaz”. Babalarımız, dədələrimiz bu misalı ona görə çəkiblər ki, təbiətin bu iki möcüzəsi – od və su bir-birinə əks olan ünsürlərdir. Həmişə odu söndürmək üçün onun üzərinə su töküblər. Lakin təbiətin mözücələri ilə dolu olan Azərbaycanda bir-birinə əks olan bu iki ünsür çox nadir hallarda da olsa, bir araya gələ bilir. 

Azərbaycanın Ağstafa rayonu ərazisində, Ağstafa-Poylu-Gürcüstan avtomobil yolunun kənarında, Saloğlu kəndi yaxınlığında bu ərazidən keçən və bu möcüzəni bilməyən hər kəs mütləq şəkildə avtomobilini saxlayır və təbiətin maraqlı hadisələrindən sayılan, görənləri təəcübləndirən “Yanar bulaq”ı seyr edirlər.
Təbiətin su və od ünsürlərini özündə əks etdirməklə illərdir axan bu bulağı yerli əhali "yanar su" adlandırır. Sakinlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində bu ərazilərdə neft axtarışı məqsədilə geoloji kəşfiyyat quyusu qazılıb və buradan gözlənildiyinin əksinə olaraq neft deyil, termal su qaynamağa başlayıb. Daha çox qaz və kükürd tərkibli olan bu sular ilin bütün fəsillərində sabit temperaturda - təxminən 30-35 dərəcə istilikdə yerin səthinə çıxır. Üzərində alov şölələnən bu sular xüsusən də gecələr ətrafında heyrətamiz və əsrarəngiz bir mənzərə yaradır.

Yerli sakinlərin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə bu bulağın suyunun tərkibi müalicəvi maddələrlə zəngindir və içməyə yararlıdır. 

"Bu bulaq əmələ gəldiyi gündən biz də, ətraf kəndin sakinləri də ondan istifadə edirik. Əhali neçə illərdir onun xeyrini görür. Tərkibində kükürd olduğundan dəri xəstəliklərinin, yaraların sağalmasında müalicəvi rol oynayır. Eyni zamanda, mədə-bağırsaq sisteminə də çox xeyrlidi. Həzmi yaxşılaşdırır" - deyə kənd sakinləri bildirirlər.

İnsanlar deyirlər ki, bu sudan həm də əla, ətirli çay dəmlənir. Buna görə də çay həvəskarları daim bu sudan aparıb istifadə edirlər:

“Yanar bulağın suyundan təkcə Saloğlu və Poylu qəsəbəsinin sakinləri istifadə etmir. Bütün Kürətrafı kəndlər və digər yaşayış məntəqələrinin sakinləri də bu sudan qablarla istifadə üçün aparırlar”.

Turistlər üçün də “Yanar bulaq” çox maraqlı obyektdir. Yoldan keçənlər ayaq saxlayıb, sudan içir, şəkil çəkdirirlər.

Ağstafa rayon icra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, rayonun Poylu qəsəbə inzibati ərazi dairəsinin ərazisində yerləşən bulağın ətrafında insanların istirahətini təmin etmək üçün bir sıra tədbirlər görülüb. Məqsəd ərazini turistlər üçün cəlbedici etməkdir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO