SİZ, neçə nəfərsiniz və ya doğru olan MÜRACİƏT FORMASI hansıdır? - MÜZAKİRƏ

SİZ, neçə nəfərsiniz və ya doğru olan MÜRACİƏT FORMASI hansıdır? - MÜZAKİRƏ

Hazırda oxunan: SİZ, neçə nəfərsiniz və ya doğru olan MÜRACİƏT FORMASI hansıdır? - MÜZAKİRƏ

124385

Milli Məclisin deputatı Elman Nəsirovla ADP sədri Sərdar Cəlaloğlu arasında baş verən insidentdən sonra qarşısındakı ilə danışarkən “sən” yoxsa “siz” deyə müraciət etməyin daha məntiqli və etik olduğu barədə məsələ yenidən gündəmə gəlib. 

Deyilənə görə, “siz” sözü dilimizə rus dilinin təsiri altında keçib. Dünya ölkələrində isə təmas qurarkən “sən” deyə müraciət edirlər.  

Görəsən, hansı müraciət forması daha doğrudur? Burada etikadan kənar nə isə varmı? 

Bizim.Media-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, rəsmiyyət olanda “siz”, doğma münasibtlərdə isə “sən” deyə müraciət etmək daha məqbuldur:

“Təbələrimə müraciət edərkən belə “siz” deyə müraciət edirəm. Bu heç də həmin sözün hansısa dildən keçdiyi anlamına gəlmir. Azərbaycanda ehtiram göstərdiyin, şəxsinə hörmət etdiyin insana adətən “siz” deyə müraciət edirik. “Sən” demək isə rəsmiyyətin ortadan götürülməsi, doğmalıq münasibətidir.

Burada da pis bir şey görmürəm. Yəni aralarında rəsmiyyət olmayan insana “sən” demək yaxşıdır. Müəyyən rəsmiyyət olanda isə “siz” deməyə ehtiyac olur. Tələbələrimə, ətrafındakılara, yaşından asılı olmayaraq “siz” demək mənim üçün daha rahatdır. Kənardan tanımadığım biri gəlib “sən” deyə müraciət etsə reaksiyam o qədər də yaxşı olmayacaq.

Ona görə də kiminsə sözünə uyğun olaraq ifadə tərzimi dəyişməyəcəyəm. İsanların hər biri üçün qəlbinə necə rahatdır, o cür də müraciət etmək daha yaxşıdır. Bu hal illər boyu formalaşan, ovqat, həyat tərzi, münasibətdən asılıdır”.
Amma bu əsasən postsovet ölkələrinin mütəxəssislərinin gəldiyi qənaətdir. Formalaşmış stereotip bir başa “sən” müraciətini az qala təhqir sayır. Bu başqa formada adlarımızın arxasına məcburi qaydada “müəllim”, “xanım” sözünü əlavə etmək kimi də qeyri-səmimi görünür. Çünki inkişaf etmiş cəmiyyətlərdə hər kəsə öz statusuna görə müraciət edilir: Bəy, ser, cənab, xanım, ledi, vətəndaş, mayestro, ustad, xoca və s. Yoxsa ki, başdan-ayağa hamıya müəllim və ya bəy demək nə qədər doğrudur? 

Ona görə də buna sovetdən qalma sosializim “bərabərçiliyi” kimi baxmaq lazımdır. 

“Sən”, “siz” müraciəti də bu qəbildəndir. Axı, SİZ, neçə nəfərsiniz? Quranda, bütün dini kitablarda hər şeyə qadir Allaha belə “SƏN” deyə müraciət olunursa, bu yersiz təkəbbürdən başqa bir şey deyil.

Amma bu artıq bizim cəmiyyətimizdə kanonlaşmış bir qaydadır. Yəqin ki, bunu mahiyyəti üzrə anlamaq üçün elə bir mərhələni yaşamaq lazımdır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO