“Altun üzük çatma qaş,
Sallana-sallana…
Ciftə əbalı dostum,
Bənzəyirsən ceyrana”.
Bu misralar Kərkükün məşhur sevgi bayatılarından götürülüb. Şabranlı musiqiçi Bayram Ağasiyev illər öncə "Altun üzük" bayatısına musiqi yazıb. Mahnının tarixi 42 il əvvələ gedib çıxır.
Bayram Ağasiyev və həyat yoldaşı Rəna Ağasiyeva uzun illər Şabranın Dağbilici kənd klubunun nəzdində fəaliyyət göstərmiş məşhur "Xınayaxdı" folklor kollektivinin yaradıcıları və yaşadıcıları olublar. Kollektivin repertuarında Azərbaycan və tat dillərində müxtəlif xalq və folklor mahnıları xüsusi yer tutub. "Xınayaxdı" kənd klubunda yaransa da sorağı, sədası bütün Azərbaycana yayılıb. Kollektivin üzvləri nəinki Şabranda, qonşu Quba, Xaçmaz, Siyəzən rayonlarında keçirilən bütün kütləvi tədbirlərin əsas iştirakçıları olublar. Repertuarlarında isə Bayram Ağasiyevin kərkük mahnısı olan "Altun üzük" mahnısı xüsusi yer tutub:
"Zülfün ilişən yerə,
İlişib düşən yerə.
Xuda heç nə düşməsin,
Məhəbbət düşən yerə".
Folklor kollektivinin yaradıcıları və üzvləri həyatda olsalar da kollektiv rəsmi olaraq fəaliyyət göstərmir. Dağbilici kənd klubunun müdiri Rəna Ağasiyeva yaş məhdudiyyətinə görə 71 yaşında işdən azad olunub və indiyəcən kluba yeni rəhbər təyin olunmayıb.
2022-ci il avqust ayının 15-də Şabranın Dağbilici kəndində baş verən güclü yanğın Ağasiyevlərə həm maddi həm də mənəvi cəhətdən ziyan vurub.
İsti küləyin gətirdiyi qəfil alov Ağasiyevlərin yaşadığı evi bütün əşyaları bir andaca külə çevirib. Bayram Ağasiyev deyir ki, evdən bir çöp belə götürə bilməyiblər:
“Canımızı güclə xilas edib çölə çıxdıq. Yanğın nəticəsində bizə 70 min 57 manat maddi ziyan hesablanıb. Təkcə yanan evimiz olmadı, həm də 40 ildən çox fəaliyyət göstərən “Xınayaxdı” kollektivinin arxivi məhv oldu. Bayram Ağasiyevin sözlərinə görə, yanğında kollektivə aid- folklor, muğamlar, təsnif və rənglər, zərb muğamlar, aşıq yaradıcılığı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri, Azərbaycan şair və yazıçılarına dair kitabxana və çoxlu sayda not əsərləri, nota alınmış "Xınayaxdı" folklor xalq kollektivinin 32 musiqi əsəri və nəğmələr, disklər və mini disklər yanıb kül olub:
"Xınayaxdı" ya aid bütün aksesuarlarımız, mənim özümün hazırladığım 15 tar məhv oldu. Mən tar ifaçısı olmaqla yanaşı, həm də tar ustası olmuşam.
Bütün arxivim məhv oldu, Şabranın xeyirxah ziyalıları yaxşı ki, "Xınayaxdı" nın kadrlarını qoruyub saxlayıblar. Bu günlərdə jurnalist Aydın Tağıyev bizə bir kaset təqdim etdi. Kasetdə bizim televiziya kanallarında iştirak etdiyimiz 6 verilişin kadrları var. Çox sevindik. İndi arxivimizi qismən bərpa etməklə məşğuluq".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu