Gözdən pərdə asan MÜSABİQƏLƏR – BNA əhalinin şikayətini niyə nəzərə almır?

Gözdən pərdə asan MÜSABİQƏLƏR – BNA əhalinin şikayətini niyə nəzərə almır?

Hazırda oxunan: Gözdən pərdə asan MÜSABİQƏLƏR – BNA əhalinin şikayətini niyə nəzərə almır?

124058

Hər gün sərnişinlərin hüquqları pozulur, problemin həllinə gələndə “avtobus almağa pulumuz yoxdur” deyirlər. Bunu şəhər kənarına işləyən bütün marşurutlarda sərnişinlərdən eşidə bilərik:  
“Hamı kimi biz də gediş haqqı üçün avtobusa 40 qəpik ödəyirik. İnsan kimi gedib-gəlmək istəyirik. Amma avtobuslar o qədər bərbad gündədir ki, hər gün işə getmək və gəlmək bizim üçün işgəncəyə çevirilir”.

Bizim.Media Abşeron rayonu Mehdiabad qəsəbəsinə işləyən 147 saylı marşrut xəttində sorğu keçirib. Sərnişinlər bildiriblər ki, avtobuslar həddən artıq bərbad və yararsızdır.
 

MÖVZU İLƏ BAĞLI:

BNA çatışmazlıqlar aşkarlanan 8 marşrut xətti üzrə sürücü vəzifəsinə müsabiqə ELAN ETDİ


Cəmi 5-6 oturacaqdan ibarət avtobuslarda ayaq üstə dayanmağa, əllə tutmağa da yer yoxdur. Bu avtobuslar Mehdiabad və Digah kəndlərinə sərnişin daşıyıcılığını həyata keçirir. Qapıları sınıq, salonu soyuq və təhlükəli olan avtobuslar sərnişinlərin səbrini tükəndirsə də məsələ ilə bağlı tədbir görən yoxdur. 

Bakı Nəqliyyat Agentliyi problemlə bağlı işini daşıyıcı şirkəti dəyişdirmək üçün müsabiqə keçirməklə yekunlaşdırır. Problem ondadır ki, keçirilən müsabiqələr də vəziyyəti dəyişmir.  

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 147 saylı marşrutla işləyən avtobuslarla bağlı mütəmadi olaraq vətəndaşlardan “Alo141” Çağrı Mərkəzinə, eləcə də Agentliyin sosial şəbəkə hesablarına şikayət xarakterli müraciətlər daxil olur: 

“Nəticə etibarı ilə 147 nömrəli müntəzəm marşrut xətti üzrə də müsabiqə elan edilib. Lakin həmin müsabiqə üzrə digər daşıyıcılar tərəfindən iştirakla bağlı müraciət daxil olmayıb. Müsabiqədə qalib müəyyən olunmadığından marşrutun istismarı qaydalara uyğun olaraq növbəti müsabiqə təşkil olunanadək hazırki daşıyıcıya həvalə edilib”. 

Qurumun məlumatında o da bildirilir ki, sərnişindaşıma sahəsində müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi, istismarında olan nasaz nəqliyyat vasitələrinin yeniləri ilə əvəz olunması və ya əsaslı təmir edilməsi, hər gün qaraj şəraitində reysqabağı texniki müayinədən keçirildikdən və mütəmadi təmizlik işləri aparıldıqdan sonra xəttə buraxılmasının vacibliyi marşrutun müvəqqəti istismarçısı “Menloqq” MMC-nin rəhbərliyinə tapşırılıb.

Əgər agentliyin əməkdaşlarından kimsə bu avtobus xidmətindən bircə dəfə istifadə etsəydi, avtobusların nə təmizlənməli, nə də təmir olunmalı vəziyyətdə olmadığını görərdi. Bir neçə oturacaqdan ibarət bu avtobuslarda oturanda döşəmədən asfaltın üzəri görünür, oturacaqlar isə o qədər çirklidir ki, ilkin rənginin nə olduğu bilinmir.

“Menloqq” MMC-nin sədr müavini Zaur Sadıqov Bizim.Media-ya bildirib ki, avtobuslar hər gün yuyulub-təmizlənir, təmir olunur. MMC təmsilçisi, hətta digər marşrut xəttlərinin daha pis vəziyyətindən misal da çəkib: 

“Elə avtobuslar var ki, gündə qırılıb yolda qalır. Bizim marşrutlarda belə hallar yaşanmır. Avtobusları təzələmək istəyirik, amma götürdüyümüz kreditini hələ verib qurtara bilməmişik. Əlavə vəsait götürüb həmin xəttin avtobuslarını bu yaxınlarda dəyişmək fikrimiz var. Bu il ərzində onu edəcəyik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu hal birbaşa istehlakçı hüquqlarının pozulmasıdr: 

“Müsabiqəni elan edən tərəf, belə görünür ki, saxta müsabiqə keçirir. Bilərəkdən bir iddiaçını bazarda saxlayır. O da öz üstünlüyündən istifadə edərək, istehlakçı hüquqlarını pozur. Hazırkı vəziyyətdə bu işə birbaşa cavabdeh həmin “Menloqq” şirkətidir. Gərək müsabiqədə qalib gələn tərəf müsabiqəni elan edən tərəflə müqavilə, şərtlər əsasında istehlakçılara necə xidmət etməyi barədə məlumat versin. Yaranan bu hal istehlakçıların hüququnun pozulması ilə nəticələnir. İstehlakçılar üçün bərabər şərait yaradılmalıdır ki, hamı ədalətli şəkildə yararlana bilsin”.  

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO