Xəbər verdyimiz kimi, martın 4-də Bakıda Xətai rayonundakı "Bravo" Əhmədli hipermarketinə silahlı hücum olub. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Xəsarət alanların durumu ilə bağlı TƏBİB-dən Bizim.Media-ya verilən açıqlamada bildirilir:
"Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub. Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, martın 4-də günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərinin nəticəsində silahlı hücumu törədən şəxslərdən biri həbs olunması zamanı polisə silahlı müqavimət göstərərkən zərərsizləşdirilib, bir nəfər isə həbs olunub.
Bizim.Media