Azərbaycanda içməli su problemi təhlükəli hal alıb. İstər Bakıda, istərsə də bölgələrdə içməli suyu təmin edən mənbələrdə ehtiyatlar azalıb. Bunu rəsmi qurum olan “Azərsu” ASC də bu günlərdə etiraf etdi. Qurum çıxış yolunu əhalinin suya qənaət etməsində görür. Ekoloqlar dünyada iqlim dəyişikliyinin ciddi problem olduğunu önə çəkərək, qlobal məsələ olan su qıtlığının gələcəkdə ölkədə quraqlıq və böhran yaradacağını bəyan edirlər.
Ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər.
Azərbaycanda ciddi su problemi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova da xəbərdarlıq edib. O, problemin getdikcə daha qlobal hal aldığını vurğulayıb.
Bəs, problemdən necə xilas olaq? Suya qənaət etmək çıxış yoludurmu?
MÖVZU İLƏ BAĞLI:
AMEA: Azərbaycanda ciddi su problemi var
Tanınmış ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, su təminatında ən ciddi problem israfçılıqdır:
“İstənilən halda suya qənaət vacibdir. Ümumi qanunauyğunluğa baxsaq, əslində planetə hər vahid sahəyə düşən yağıntının miqdarı buxarlanma ilə balansdadır. Balans pozula bilməz, çünki pozulsa çox böyük faciə baş verə bilər. Doğrudan da su istifadəsində çoxlu problemlər var. 300 kilometrlikdən su gətiririk, onu götürüb içməli su adı ilə maşın yuyuruq, ağac sulayırıq, bir sözlə pərakəndə istifadə edirik. Heç bir mədəni səviyyəsi olan ölkədə belə bir şey yoxdur. Bizim anbarlarımızın məqsədi odur ki, maksimum dərəcədə dolduraq. Bu isə 32-34 milyard kubmetr su deməkdir. O suların enerjisi alınır, lazımı səviyyədə əhaliyə verilir və ya satılır. Bu da bir problemdir.
Hansı ki, Azərbaycandakı tranzit çayların böyük əksəriyyət sularının enerjisini almaq üçün yox, məişət təsərrüfatı üçün istifadə etmək lazımdır. Enerjini günəş enerjisindən almaq lazımdır. Hər kvadratsantimetrə təxminən 130-135 kilokalori enerji düşür. Bunun 90 kilokalorisi isti dövrə düşür. Günəşin parıltısı 2200-2400-ə qədərdir. Bunlar hamısı xəbər verir ki, biz Günəş enerjisindən normal istifadə etsək, sudan aldığımız enerjini bununla kompensasiya edə bilərik”.
Ekoloqun sözlərinə görə hazırda çaylarımızın ən az sulu vaxtıdır:
“Çaylar daha çox yazın sonu və yayın əvvəlində sulanmağa başlayır. Əhalinin artım surəti də bu məsələdə mənfi rol oynayır. Hər artam adam 25 sutkalıq 250 litr su israf edir. Gələn tranzit çayların böyük əksəriyyət suları kənar respublikalarda istifadə olunur. Çünki bütün çaylarımız tranzitdir. Samur çayı vaxtilə 75 faizi bizim xeyrimizə olaraq su verirdi. İndi onu yarıya bölüblər”.
Ənvər Əliyev hesab edir ki, içməli su probleminin qarşısının alınması üçün dövlət proqramı hazırlanmalıdır:
“Heç kəs deyə bilməz ki, 2030-cu ildə vəziyyət necə olacaq. Əslində bütün planet 2050-ci ildə yeni buzlaşma dövrünə hazırlaşır. Qabaqcadan təbiət hadisəsini proqnozlaşdırmaq doğru deyil.
Mümkündür ki, dünyanın bəzi ərazilərini sel-su bassın, digərlərində isə quraqlıq baş versin. Ona görə də ilk növbədə israfçılığa yol verməməliyik və sudan enerji alınmasını dayandırmalıyıq. Bu mərhələlərə vaxtında keçmək lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək. Vaxtilə insanları toplayıb Kür çayına aparardılar ki, suyun daşmasının qarşısı alınsın. İndi Kürə yalvarırıq”.
Alçina Amilqızı, Bizim.Media