Martın 2-də Bakı Kitab Mərkəzində Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının Qarabağa, tarix boyu onun ətrafında baş verən siyasi-ictimai hadisələrin mahiyyətinə, Azərbaycan və erməni xalqları arasında münasibətlər tarixinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı olub.
Bizim.Media xəbər verir ki, alimin ailə üzvləri, dostları, dövlət nümayəndələri, ziyalılar, sənət adamları, media mənsubları və bir sıra ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yubilyarın zəngin elmi irsi, pedaqoji və məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında ətraflı danışılıb.
Qonaqlar Hamlet İsaxanlını 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni nailiyyətlər diləyiblər.
Tədbirdə görkəmli alimin yaradıcılıq və fəaliyyətini əks etdirən kitabların sərgisi də yer alıb.
Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, əməkdar artistlər Fərqanə Qasımova, İlahə Əfəndiyeva, Xəzər Universitetinin kamera orkestri, Xalq çalğı alətləri ansamblı gecədə rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Bizim.Media