“Bir ildən artıqdır ki, Bakı şəhərində sərçələr yoxa çıxıb”.
Bunu Bizim.Media-ya açıqlamasında biologiya elmləri doktoru Tahir Kərimov deyib.
O bildirib ki, bu barədə mən AMEA-ya və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazılı şəkildə məlumat vermişəm:
“Sərçələr ən çox insan məskənlərində və təbii biotoplarda yaşayırlar. Bu yaxınlara qədər sərçələr Bakının əsas quş faunasını təşkil edirdi. Amma son illərdə paytaxtda aparılan quruculuq işləri sərçələrin yaşam tərzinə ciddi təsir edib.
Birincisi, Bakıda kollar azalıb. Yeni növ ağacların əkininə üstünlük verilib. Sərçələr də əsasən kollarda yuva qurub yaşayırlar. Kollar yoxa çıxdıqca sərçələr də azaldı.
İkincisi, süni çəmənliklərin çoxalması da sərçələrin yaşam tərzinə təsir edib. Bildiyimiz kimi sərçələr otların toxumları ilə daha çox qidalanırlar. Süni ot örtüyü də tez-tez biçildiyindən sərçələrin yem bazası azalıb.
Üçüncüsü, şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər.
Dördüncüsü, sərçələr əsasən evlərin damında, çatlarında yuva qururdular. Son illərdə binaların dam örtüklərinin dəyişdirilməsi və binaların üzlüklənməsi sərçələri yuvalarından məhrum edib.
Beşincisi, pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib. Son vaxtlar şəhərdə ağcaqanadlar azalıb. Bu da sərçələrin qida tapmasında problem yaradıb.
Amma qeyd edim ki, sərçələr köçəri quşlar deyil. Onlar sadəcə yerlərini dəyişirlər. Özlərinə daha rahat yem tapa və yuva quracaqları yerlərə üz tutublar. Yəni, bu miqrasiyanın elə də təhlükəli tərəfi yoxdur. Bakının fauna və florasına elə də güclü təsir etməyəcək”.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.
Surxay Atakişiyev, Bizim.Media