Mədəniyyət xadimlərinin dəfnini HƏMKARLAR niyə təşkil etmir? – Məşhurların REAKSİYASI

Mədəniyyət xadimlərinin dəfnini HƏMKARLAR niyə təşkil etmir? – Məşhurların REAKSİYASI

Hazırda oxunan: Mədəniyyət xadimlərinin dəfnini HƏMKARLAR niyə təşkil etmir? – Məşhurların REAKSİYASI

123209

Bu günlərdə dünyasını dəyişmiş Xalq artisti Ramiz Novruzla vida mərasiminin keçirilməməsi və dəfninin yaxşı təşkil edilməməsi ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr oldu. Sosial şəbəkə istifadəçilərinin bəziləri bu məsələdə birbaşa Mədəniyyət Nazirliyinin üstünə getdilər.

Amma məsələyə maraqlı yanaşmalar da oldu. Məsələn jurnalist həmkarımız Vüqar Vüqarlı məsələyə daha real yanaşdı. O, özünün “Instagram” səhifəsində yaydığı video müraciətdə bu məsələlərə cavabdeh olan konkret ünvanı - Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsini sərt təndiq etdi: 
“Adətən mədəniyyət sahəsində bir problem yaşananda iki istiqamətə yönəldilir, Heydər Əliyev Fonduna və ya Mədəniyyət Nazirliyinin birbaşa özünə. Əslində isə sayı 40 mindən çox olan mədəniyyət işçilərinin həmkarlar ittifaqı mövcuddur və hər ay bütün işçilərin əmək haqqlarından həmin ittifaqa müəyyən miqdarda pul köçürülür. Bəs, bu qurum nə işlə məşğuldur, qurumun rəhbəri kimdir? Bu pullar hara gedir, kimə gedir, bilinmir”.

Ədalətli və doğru yanaşmadır.  Axı, həmkarlar ittifaqı hər bir işçinin müdafiəçisi və sosial dayaqçısıdır. Amma nə yazıq ki, bu təşkilat ancaq üzvlük haqqı yığmaqla məşğuldur. Yığılan pullarınsa hesabatını verən yoxdur.

Ölkəmizdəki həmkarlar ittifaqlarının milyonlarla, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsininsə 40 mindən artıq üzvü var. Nizamnaməyə görə həmkarlar təşkilatının hər bir üzvünə fərdi yanaşması olmalıdır. Üstəlik, dünyasını dəyişmiş məşhur simaların xatirə gününü və yaxud da yaradıcılıq gecəsini keçirmək, ona maddi yardım etmək və yaxud hansısa istirahət mərkəzinə bir göndəriş vermək əslində həmkarlar təşkilatının biləvasitə borcudur.

Bu mənada Ramiz Novruz kimi tanınmış simaların vida mərasimlərinin ən yüksək səviyyədə təşkil edilməsi birbaşa Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin vəzifələrindən biridir.
Hələ işçilərin hüquqlarının qorunmasını demirik. Heç kimə sirr deyil ki, son illər nə qədər mədəniyyət işçisinin əmək hüququ pozulub, işdən çıxarılıb. Amma bircə dəfə bu və digər məsələdə həmkarlar təşkilatının nə səsini eşitmişik, nə də mövqeyini görmüşük.

Məsələ ilə bağlı tanınmış mədəniyyət xadimlərinin də mövqeyini öyrəndik.

Bizim.Media-ya məsələ ilə bağlı danışan Xalq artisti Əbdül Mahmudov kəskin münasibət bildirdi:

“Bu bürokratik bir qurumdur. Bu yaşa gəlmişəm. Hələ bir dəfə həmkarlar təşkilatından bir quru təbrik belə görməmişəm. Kimə lazımdır bu, təşkilat? Nə ölüyə hay verir, nə də diriyə pay. Tanınmış teatr və mədəniyyət xadimləri dünyasını dəyişəndə hamı düşür dövlətin üstünə.

Amma həmkarlar ittifaqının adını çəkən olmur. Deyən yoxdur ki, bu rəhmətlik 40-50 il sənə pul ödəyib, ay həmkarlar təşkilatı. Heç olmasa son gün irəli dur, kəfən puluna yardım elə. Bu elə birbaşa bu təşkilatın işidir də, dövlət niyə hər şeylə məşğul olmalıdır ki?”

Evdir, eşikdir, xəstəyə yardımdır və s. problemlər olur ki, meydana gələn kimi hər kəs üz tutur Heydər Əliyev Fonduna və hətta Ölkə Başçısına müraciət edənlər də  olur. Belə vəziyyətdə anlaşılmır ki, on minlərlə mədəniyyət işçisinin illərlə həmkarlara ödədiyi vəsait hara gedir, kimin nəfi üçün xərclənir? 

Bizim.Media-ya danışan digər ünlü sənətkar, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəninsə cavabı çox qısa oldu:

“Həmkarlar təşkilatının həyatımda bu və digər şəkildə rolunu görməmişəm. Bəlkə gələcəkdə nəsə ola. Amma bu vaxtadək heç bir addımla rastlaşmamışam”.

Səsləndirilən fikirlərlə bağı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sorğumuzu ünvünlamışıq. Hər iki təşkilatın mövqeyini də dərc etməyə hazırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO