Qadın, yoxsa kişi hakimlər daha ƏDALƏTLİDİR? – Hüquqşünasdan AÇIQLAMA

Qadın, yoxsa kişi hakimlər daha ƏDALƏTLİDİR? – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: Qadın, yoxsa kişi hakimlər daha ƏDALƏTLİDİR? – Hüquqşünasdan AÇIQLAMA

123201

Qadın qətlləri ilə bağlı məsələlərdə təqsirkar şəxslərə ağırlaşdırıcı cəzaların verilməməsi ictimaiyyətdə narazılıq doğurub. Hüquqşünas Günel Səfərova hesab edir ki, kişi məhkəmə hakimləri bəzən cinayəti yüngülləşdirir, bu səbəbdən qadınların taleyi ilə bağlı qərarı qadınlar verməlidir:

“Qadınlar öz evlərində öldürülürlər. Evlər belə, qadın üçün təhlükəlidir. İlk zorakılığa vaxtında müdaxilə edilsə, qadın qətllərinin qarşısı alınar. Bu tip məsələlərdə qadın polislər iştirak etmirlər. Kişilər də barışdırıcı mövqeyə üstünlük verirlər. Sonda da ölümlə nəticələnir.

Cəzaları artırmaq cinayətlərin bitməsi demək deyil. Qadınların təmsilçiliyini artırmaq lazımdır. Qərarverici qadınlar olmalıdır”, - deyə Günel Səfərova yerli mətbuata açıqlamasında qeyd edib.

O, məişət zorakılığının qarşısının alınması üçün qanunda ciddi dəyişiklikliyə ehtiyac olduğunu vurğulayıb.

2020-ci ilin rəsmi məlumatına görə məhkəmələrdə hakim qadınların sayı 78 nəfərdir, yəni 14 % təşkil edir. 

Maraqlıdır, qadın qətlləri və onlara qarşı zorakılıq əməlləri ilə bağlı qərarvericilərin qadın və ya kişi olmasının fərqi varmı? 

Hüquqşünas - kriminalist Mahmud Hacıyev Bizim.Media-ya açıqlamasında məsələyə belə münasibət bildirib:

“Düzgün fikir deyil. Hakimlikdə onun sərbəst olub qanuna tabe olması əsas götürülməlidir. Çox təssüflər olsun ki, Azərbaycanda kişisindən və qadınından asılı olmayaraq həmişə belə olmur.

Qanunda birbaşa göstəriş var ki, hakimlər müstəqildir və onlar qanuna tabedir.  Qadın qətlləri ilə bağlı qərarın verilməsində hakimin kişi və ya qadın olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, hakim məsələyə obyektiv baxsın və qanuna müvafiq müstəqil qərar versin. O qədər qadın hakimlər var ki, qanun pozur. Onlardan çoxusunu elə mən tanıyıram. Qadınla bağlı məsələlərdə qərarvericinin qadın olması düzgün yanaşma deyil”.

Azərbaycanda qadın hakimlərin sayının az olmasına gəlincə, hüquqşünas bunun səbəbini sahə seçimi ilə əlaqələndirib:

“Məsələn, Mərkəzi Avropa ölkəsində qadın hakimlərin sayı 40 faizdir. Bu aksiom deyil ki, orada elədirsə, Azərbaycanda da eyni say olmalıdır. Bildiyim odur ki, bizim ölkədə qadınların çoxu hüquqşünas olmaqdan qaçır. Yəni, bu sənətin seçiminə görə dəyişir. Əslində say da önəm kəsb etmir. Necə təşviq edəsən ki, hüquq fakültəsinə çox gedin və hakim olun.

İnsanlar ixtisasları özləri seçir. Düzdür, valideynlərin də bu məsələdə çox təsiri var və bir qayda olaraq hazırda qızlarımız hüquq mühafizə orqanlarına, eləcə hüquq fakültəsinə meyl etmir. Xaricdə, hətta Gürcüstanda bunun əksidir. Hesab edirəm, bu məsələnin bir qədər də milli dəyər və mentalitetimizlə bağlılığı var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO