Bu gün Odlar Yurdu Od çərşənbəsini qeyd edir – Ocaq yandırıb NƏ DEMƏLİYİK?

Bu gün Odlar Yurdu Od çərşənbəsini qeyd edir – Ocaq yandırıb NƏ DEMƏLİYİK?

Hazırda oxunan: Bu gün Odlar Yurdu Od çərşənbəsini qeyd edir – Ocaq yandırıb NƏ DEMƏLİYİK?

122829

Bu gün xalq təqvimi ilə ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər.

Bizim.Media-nın məlumatına görə, bu çərşənbə qədim insanların Günəşə, oda inamı ilə bağlıdır. Od çərşənbəsində insanlar tonqal qalayıb, alovun üzərindən tullanırlar.

Xalq inamına görə, tonqalın üzərindən tullanmaqla daxili aləmi, ruhu təmizləyir və azar-bezarları yandırırlar. 

Həmçinin ocağın yandırılması istilik mənasını ifadə edir və yazın gəlişi ilə havaların qızmasını göstərir.

Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Bu da onu göstərir ki, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. 

“Azərbaycan xalq ədəbiyyatı” dərsliyində professor Azad Nəbiyev yazıb: 

“İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “İkinci çərşənbə”, yaxud da əzizləmə məqsədilə “Addı çərşənbə” deyilir.
Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər”.

Tədqiqatçı Kəmalə Osmanova “Xalq mərasimləri və nəğmələri” kitabında yazır ki, Od çərşənbəsi qədim görüşlərlə bağlıdır: 

“Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan “Qodu Xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərdi... Adamlar tonqalın dövrəsində dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar:

Qodu Xan, Qodu Xan,
Söndürmə odu Xan.
At üstə od gətir,
Ulusa od gətir.
Sözü bal Qodu Xan,
Özü al Qodu Xan.

“Qodu” əksliklərlə, istiliklə əlaqədar olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur”. 

Professor Qəzənfər Paşayev bu məsələyə belə münasibət bildirir: 

“Azərbaycan folklorunda Qodu Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun qırmızı parçadan düzəldilən gəlincik “Qodu” adlanır. O da maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır; Günəşi çağırmaq, aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı çağırmaq”. 

Od çərşənbəsindəki od ünsürü mahiyyətcə günəşlə sıx bağlıdır. Ümumiyyətlə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə verdiyi dəyərin, sevginin göstəricisidir. 
Əziz həmvətənlərimiz, soydaşlarımız, Od çərşənbəniz mübarək olsun!

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO