3 gün əvvəl atası və ərinin ailəsi tərəfindən 22 yaşlı qadının qaçırıldığını xəbər vermişdik. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Nikaha daxil olduğu ailədə dəfələrlə şiddət və fiziki zorakılıq görən qadın boşanmaq istəsə də, ailə buna imkan verməyib. Üstəlik 3 yaşlı oğlu da əlindən alınıb.
Zərərçəkən Bizim.Media-ya eksklüziv açıqlamasında 4 illik evliliyində başına gətirilən müsibətlərdən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qızın QAÇIRILMA ANI - ANBAAN VİDEO
Qadın övladını ondan ayıran qayınanasının və atasının cəzalandırılmasını tələb edib:
“Ailə qurandan döyülürdüm və şiddət görürdüm. Nəhayət bezib boşanmağa qərar verdim. Bunu biləndən sonra qaynanam atam və yoldaşım mənə qarşı birləşməyə başladılar. Hər üçündən fiziki zorakılıq görmüşəm. Mənə plan qurdular ki, “gəl uşağı sənə veririk”.
Mən də sevinə-sevinə getdim. Taksidən düşən kimi qayınanam üzümə əl atdı və xəsarətlər yetirməyə başladı. Saçımdan tuta-tuta yoldaşıma verdi. Yoldaşım boynumun arxasına, atam isə qarnıma vura-vura maşına saldılar. O videoda olanların hər biri əvvəlcədən düşünülüb. “Sədərək” Ticarət Mərkəzinin üstündə özümü magistral yola atdım. Həmin an atam koftamı cırdı ki, bədənim görünsün. Yoldaşım isə təhqiredici sözlər söyləməyə başladı. Mənə bir ailə kömək etdi. O ailənin maşınına da müdaxilə etdilər və uşaqlarını hədələdilər. Sağ olsun, ailə məni ələ vermədi və qan içində özümü polis bölməsinə çatdırdım. Oradan isə xəstəxanaya yerləşdirildim”.
Müsahibimizin sözlərinə görə atası ona uşaq ikən də valideynlik etməyib, əksinə təhsildən və qayğıdan kənar böyüdüb:
“Həyat yoldaşım bibim oğludur. Özlərini həmişə nümunəvi ailə kimi göstəriblər. İç üzləri mən onlarda olanda ortaya çıxdı. Atam ad-sanından ehtiyatlandığı üçün boşanmağımı istəmir. Qayınanamla birləşərək məni İmişliyə öldürməyə aparmaq istəyirdilər. Oğlumu 12 gün əvvəl məndən alıblar və orada gözüyaşlı qalıb. Heç vaxt mənsiz yatmayıb. Gecə saat 5 də olsa, onun yanına uzanmamış o yatmazdı. Mənə bağlıdır və bilirəm ki, məni gözləyir. Quru çörək belə yeyim, amma övladım yanımda olsun. Yoldaşım tufeyli biridir. Ancaq məndən pul alıb, özü üçün yaşamaqdır. 4 il dözmüşəm ki, bəlkə düzələr. Artıq tab gətirə bilmədim. Məqsədim övladımı yanıma almaqdır.
Başqa heç nə istəmirəm. Martın 7-də məhkəməmdir. Ərizəmi geri çəkməyəcəyəm. Mənə bunları yaşadan, oğlumu gözüyaşlı qoyan qayınanamYaqut Əhmədovanın və atam Yengibar Şükürovun cəzalandırılmasını istəyirəm. Əsas səbəbkarlar bu iki insandır. Onlar övladımı anasız qoyduqlarına görə cəzasını çəkəcəklər”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şiddət görən və qaçırılan qadının təhlükəsizliyini nəzarətə götürüb.
Məsələ ilə bağlı Binəqədi Rayon Polis Bölməsində istintaq araşdırması aparılır.
Alçina Amilqızı, Bizim.Media