Qanun bir qrup “jurnalisti” niyə qorxuya salıb? – MEDİA-ya hücumun PƏRDƏARXASI

Qanun bir qrup “jurnalisti” niyə qorxuya salıb? – MEDİA-ya hücumun PƏRDƏARXASI

Hazırda oxunan: Qanun bir qrup “jurnalisti” niyə qorxuya salıb? – MEDİA-ya hücumun PƏRDƏARXASI

122534

Media haqqında qanun qüvvəyə mindikdən və Media Reyestrinin başladılmasından sonra davam etdirilən prosesdə bir qurup “media mənsubları” vardır ki, onların kürkünə birə düşüb.

Onlar belə hesab edir ki, yeni qanun onların hüquqlarını qısıtlayır və söz azadlığına ziddir.

Belələrinin “fəaliyyət” dairəsi nəzarətə götürüldüyündən hər cür şər-böhtan kampaniyasına müəlliflik etməkdən belə çəkinmirlər. 

Qanunun hüquq normalarının sistemli toplusu olduğunu unudan bu şəxslər mövcud sistemdə özləri kimi psevdo jurnalistlərə yer olmadığını anladıqlarına görə hər cürə mübarizə metodlarının tətbiqinə hazırdırlar. 

Lakin burada əsas diqqət yetirilməli məqam bu cür qərəzli fəaliyyətlərin törədə biləcəyi nəticədir.

44 günlük müharibə və onun sonucu olan Böyük Qələbə Azərbaycanın təkcə suverenliyini və ərazi bütövlüyünü təmin etmədi, həm də yeni çağırışlar doğurdu. Çünki, İkinci Qarabağ Müharibəsi ümumxalq birliyinin təntənəsi idi. Bu qələbədə hər kəsin payı vardı. O cümlədən də dördüncü hakimiyyət adlandırdığımız mətbuatın bu qələbədə müstəsana rolu oldu. 44 günlük müharibədə hərbi və diplomatik sahədə aparılan mübarizə ideoloji sahədə də tam və bitkin həyata keçirildi. 

Qələbənin mətbuata gətirdiyi reallıqlar

Təbii ki, mətbuatın uğurlu və inamlı addımları post-müharibə dövründə yeni reallıqlar diqtə edirdi. Məhz bu reallıqları doğru dəyərləndirən Azərbaycan höküməti media sahəsində də islahatlara başladı. İnformasiya cəmiyyətinin normal fəaliyyəti və müasir çağırışlara cavab verməsi üçün bütün zəruri addımlar atıldı. Çox qısa zamanda qanunvericilik bazası təkmilləşdirildi. Respublika Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı.

Fərmandan irəli gələn vəzifələrin yüksək səviyyədə icrası üçün Medianın İnkişafı Agentliyi yaradıldı. Həm qanunvericilik, həm də icra orqanlarında media orqanlarına göstərilən diqqət nəticəsində Azərbaycan mətbuatında yeni bir dönəm başladı. Artıq təkcə media orqanlarına deyil, həm də jurnalistlərə fərdi yanaşma mühiti formalaşır. Ali icra orqanı olan Medianın İnkişafı Agentliyi qısa vaxta üzərinə ölkə rəhbərliyinin müəyyən etdiyi hədəflərə çatmaq üçün proqramlı və davamlı şəkildə layihələrin icrasına başladı.

Və cəmi 2 ildə mətbuat sahəsində son 30 ildə yığılıb qalmış problemlərin həllinə şahidlik etdik. İlk dəfə olaraq qəzetlərin, xəbər saytlarının və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başladı.  Ən əsası yaradıcı insanların əməyi stimullaşdırıldı. Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanındı. Eləcə də mətbuata dövlət dəstəyi olaraq qəzet kağızının idxalı və satışı ƏDV-dən azad olundu.

Bundan əlavə mediaya 3 il müddətinə vergi tətilinin tətbiqini özündə əks etdirən Qanun layihəsi parlamentin müzakirəsinə çıxarıldı. 

Media Reyestrinə jurnalistlərin məlumatlarının daxil edilməsi nəticəsində onlara təsdiqedici sənəd mahiyyətli vəsiqə təqdim olunması Qanunda təsbit edildi.  Amma bu vəsiqənin əldə edilməsi tamamilə könüllü xarakter daşıyır.

Bir sözlə 30 il həllini gözləyən problemlər post-müharibə dövründə çox qısa zamanda öz ədalətli həllini tapdı. Bu da onu göstərir ki, ölkə başçısı informasiya cəmiyyətinin ən üst səviyyəyə qaldırılmasında olduqca maraqlı və həvəslidir. Bu da təsadüfi deyil. Çünki, vətəndaş cəmiyyəti və hüquqi dövlət mətbuat və söz azadlığından keçir.

Uğurlara kim kölgə salamaq istəyir?

Amma çox təəssüf olsun ki, ölkəmizdə bunca yaradılan söz və fikir azadlığından sui-istifadə edənlər də tapıldı. Bir özü, bir də bir möhürü olan “media kapitanları” sıyrılıb meydana düşdülər.

Əslində belələri bütün dövrlərdə olub. Çünki, bulannıq suda balıq tutmaq həvəsində olanlar hər zaman olub. Belələrini hüquqi institutlar, hüquqi platformalar yox, özfəaliyyət daha çox maraqlandır. Ona görə ki, bu gün mətbuata üz tutanların böyük bir hissəsi yazıb, yaratmaq üçün deyil korporativ maraqları üçün gəlir. Belələrini də hansısa yaradıcılıq sferası yox, başpozuqluq mühiti daha çox çəkir. 

200-ə yaxın media subyekti qeydiyyatdan keçib

Əldə etdiyimiz məlumata görə, bu vaxtdadək Media Reysterindən 200 –ə yaxın mətbuat subyekti qeydiyyatdan keçib. Əslində, Azərbaycan kimi balaca ölkədə bu qədər mətbu orqanının olması kifayət qədər çoxdur. Və təsadüfi deyil ki, bu gün əksər dayanaqlı mətbuat orqanları daha çox informasiya mübadiləsinə gedir. Çünki, hansısa mətbu orqanın gündə 50-100 orjinal xəbər emal etməsi mümkünsüzdür. Təsadüfi deyil ki, Media Ağentliyi də bunu çox düzgün dəyərləndirərək mətbu orqanlarına minimum sayda orjinal xəbər öhdəliyi müəyyən edib.

Medianın alaq otları ilə kim məşğul olmalıdır?

Amma gündə yox, həftədə 5 dənə xəbər emal edə bilməyan “qəzet” və “saytlar” heç bir öhdəlik qəbul etmək istəmir. “Öz əlim, öz başım” prinsipi ilə reketçiliklə gündəlik dolanışıqlarını çıxartmaq istəyən “həmkarlarımız” yaxşı və sivil heç nəyi qəbullanmır. Media Reyestrinin Azərbaycan media mühitinin sağlamlaşdırılması istiqamətində atdığı heç bir addımı və təklifi qəbul etmir. 

Amma həmin “jurnalistlər” bir şeyi unudur ki, biz İkinci Qarabağ Müharibəsini qələbə ilə başa çatdırsaq da hələ sülh sazişi imzalanmayıb. Ən əsası ideoloji müharibə hər gün, hər saat davam edir. Bundan başqa 6 qonşu dövlətdən ən azı 3-ü Azərbaycanın qüdrətlənməsini, inkişaf etməsini istəmir. Amma nə yazıq ki, xeyli özünə jurnalist deyən bunu anlamaq istəmir. Çoxu da düşmən dəyirmanına su tökməklə məşğuldur. 

Bu gün hər kəs Xankəndi, Xocalı həsrətinin bitəcəyi, Qərbi Azərbaycan arzularının gerçəkləşəcəyi günü gözləyir. Amma bir qrup “jurnalist”sə “qarın davası” edir, xalqın dövlətin üstünə çamur atmaqla məşğul olur. 
Elə isə bizim müqəddəs amallarımız uğrunda savaşımızı ləngidən “sapı özümüzdən olan baltalara” niyə qanunların gözü ilə baxmamamlıyıq? Niyə onlara yerlərinin mətbuatda deyil, başqa yerlərdə olduğunu göstərməməliyik? 

Yalandan “qanun-qanun” deyib dilləri qançır olmuş belələrinə qarşı QANUN niyə sərt davranmasın ki?

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO