Tarixin ən dəhşətli səhifələrindən biri olan Xocalı Soyqırımından 31 il ötür. 1992-ci il 25-26 fevral tarixlərində erməni terrorçularının xalqımızın başına gətirdiyi müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərini kölgədə qoyur. Üzərindən illər keçməsinə baxmayaraq soyqırımı şahidləri bu gün də həmin dəhşətləri böyük ürək ağrısı ilə xatırlayırlar.
Bizim.Media-nın əməkdaşı soyqırımı şahidləri ilə həmsöhbət olub. Məhəmməd Əliyev Xocalıdan didərgin düşəndən sonra Şəkidə yeni salınan Çələbixan qəsəbəsində məskunlaşıb. Xocalıdan danışanda belə deyir:
“Biz Xocalıdan əliyalın çıxmışıq. Əzizlərimi Xocalıda itirsəm də onları dəfn edə bilməmişəm. Ona görə ən çox ziyarət etdiyim məkan Şəhidlər Xiyabanıdır. Bu müqəddəs məkanı hər dəfə ziyarət edəndə gözümün önündə o dəhşətli günlər canlanır”.
Müsahibim bir anlıq nəfəsini dərir və davam edir ...
“O faciədə atam şəhid oldu. Mamamın (bibisi ailəsini nəzərdə tutur-red) ailəsindən 5 nəfəri şəhid verdik. Mən 4 gün meşə də qalmışam. O ölüləri, uşaqları, donanları hamısını öz gözlərimlə görmüşəm. Ermənilərin qəddarlığının şahidi olmuşam. Qadınlar ermənilərə girov düşməmək, ismətlərini, namuslarını qorumaq üçün özlərini qaydan atırdılar”.
İndi M. Əliyev Xocalıya qayıdacağı günü gözləyir. Ən böyük xatirəsi atasının əmək kitabçısıdır. Atasının, itirdiyi doğmalarının qoxusunu bu sənəddən alır.
Xocalılar illər keçsə də o dəhşətli gecənin şokundan çıxa bilmirlər. Belə insanlardan biri də soyqırımı şahidi Nizami Əliyevdir. O üç qardaşı ilə birlikdə Qarabağ döyüşlərində iştirak edib. Bacısının yoldaşı həmin gecə ermənilər tərəfindən girov götürülüb. Qardaşı Tabil Əliyev isə Milli Qəhrəmandır. “Şəhidimiz çoxdu. Əmim oğlu, dayım oğlu, qardaşım, xalam oğlu, anamın xalası oğlu hamısı Xocalı soyqırımında şəhid oldular. Anamın bir xalası oğlu itkin düşüb. Bu böyüklüyündə dərdi unutmaq olar?”
31 il əvvəl başlarına gətirilən müsibətlərdən danışan Sevil Vəliyeva deyir ki, düşmən qardaşı Tabili öldürənə küllü miqdarda pul vəd etmişdi.
“Xocalı Soyqırımında ən çox şəhid verən ailələrdən biri bizim ailədir. Dörd qardaşımın həmin vaxt hamısı döyüşdə olub. Bir bacımı Xocalıya köçürmüşdük. Xocalıda yaşayırdı. Yeznəmlə yanaşı atası, anası, qardaşları həmin gecə girov düşdülər. 31 ildi onlardan heç bir xəbər yoxdu”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 25.02.2023
XOCALI HƏQİQƏTLƏRİ: 31 il sonra faciənin ŞAHİDLƏRİ DANIŞIR
Hazırda oxunan: XOCALI HƏQİQƏTLƏRİ: 31 il sonra faciənin ŞAHİDLƏRİ DANIŞIR
Hazırda oxunan: XOCALI HƏQİQƏTLƏRİ: 31 il sonra faciənin ŞAHİDLƏRİ DANIŞIR
122402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.