Dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın ölür

Dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın ölür

Hazırda oxunan: Dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın ölür

122376

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın vəfat edir. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən açıqlamada BMT-nin “Ana ölümlərinin tendensiyaları” ilə bağlı yeni hesabat dərc etdiyi qeyd edilib. Hesabatda hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadının vəfat etdiyi, dünyanın bir çox yerində ana sağlamlığında geriləmələrin olduğu bildirilib.

Bizim.Media Anadolu Agentliyinə istinadla bildirir ki, 2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal ana ölümlərini tədqiq edən hesabatda 2020-ci ildə dünya üzrə təxminən 287 min ana ölümünün qeydə alındığı vurğulanıb.

Bu rəqəm BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qüvvəyə mindiyi 2016-cı ildə qeydə alınan 309 min ana ölümünə nisbətən cüzi bir azalmadır.

Hesabatda 2000-2015-ci illər ərzində ana ölümlərinin statistik göstəricilərində azalma müşahidə olunsa da, həmin dövrdən sonra əldə edilən nailiyyətlərdə irəliləyiş olmayıb, hətta bəzi ölkələrdə bu göstəricilərdə artım olduğu bildirilib.

Avropa, Şimali Amerika, Latın Amerikası və Karib hövzəsi ölkələrində 2016-2020-ci illərdə ana ölümü göstəriciləri müvafiq olaraq 15 və 17 faiz artıb, digər regionlarda isə sabit qalıb. Eyni zamanda problemin statistik göstəricilərinin azaldılmasının mümkün olduğunu qeyd edən hesabatda Avstraliya və Yeni Zelandiyada, Mərkəzi və Cənubi Asiya bölgəsində ana ölüm nisbətlərinin 35 və 16 faiz azalmaların olduğu bildirilib.

Vurğulanıb ki, dünyanın ən yoxsul bölgələrində və münaqişələrdən əziyyət çəkən ölkələrdə ana ölümləri intensivləşməkdə davam edir. Ağır humanitar böhran yaşayan 9 ölkədə ana ölümləri göstəricisinin digər dünya ölkələrinə nisbətən iki dəfə çox olduğu qeyd olunub.
Hesabatda COVID-19 epidemiyası prosesinin ana sağlamlığı ilə bağlı bir sıra problemlər yaratdığı və gələcəkdə epidemiyanın qadınların sağlamlığına təsiri ilə bağlı daha çox məlumatın lazım olacağı bildirilib.

Dünyada ana ölümlərinin sayının azaldılması ilə bağlı qlobal hədəflərə nail olmaq üçün səylərin əhəmiyyətli dərəcədə sürətləndirilməsinin vacibliyi və bunun həyata keçirilmədiyi təqdirdə 2030-cu ilə qədər bir milyondan çox qadının həyatının risk altında olduğu barədə xəbərdarlıq edilib.

Hesabatda ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus hamiləliyin bütün qadınlar üçün ümidverici və müsbət bir təcrübə olmasına baxmayaraq, keyfiyyətli səhiyyə imkanları olmayan milyonlarla insan üçün faciəli və təhlükəli bir təcrübəyə çevrilə biləcəyinə diqqət çəkib:

“Açıqlanan yeni statistik məlumatlar göstərir ki, hər bir qadının doğuşdan əvvəl və sonra sağlamlıq xidmətləri və tam reproduktiv hüquqlarla təmin olunması vacibdir".

BMT-nin Əhali Fondunun icraçı direktoru həkim Natalia Kanem ildə 280 mindən çox qadının hamiləlik və ya doğuş zamanı ölməsinin qəbuledilməz fakt olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO