Azərbaycanda “Trendyol”a qadağa TƏNQİDLƏ qarşılandı - “Belə rəqabət olmur”

Azərbaycanda “Trendyol”a qadağa TƏNQİDLƏ qarşılandı - “Belə rəqabət olmur”

Hazırda oxunan: Azərbaycanda “Trendyol”a qadağa TƏNQİDLƏ qarşılandı - “Belə rəqabət olmur”

122335

Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyulacağı bildirilir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq belə bir qərar verib. Açıqlamada bildirilib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.

Məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Əhalinin xüsusən aztəminatlı təbəqəsinin ən çox alış-veriş etdiyi ticarət şəbəkəsinə ölkədə məhdudiyyət qoyulacağı tənqid və narahatlıqla qarşılanıb. 

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sözügedən məsələyə qəti aidiyyəti yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyulacaq?


“Qanunvericilikdə nəzərdə tutulub ki, Antiinhisar Xidməti bazarın üçdə birindən çoxuna nəzarət edən şirkətlərdə monitorinqlər və qiymətin formalaşması ilə bağlı yoxlamalar aparmaq səlahiyyətinə malikdir. Məgər “Trendyol” Azərbaycanda paltar bazarınıın üçdə birindən çoxuna nəzarət edir? Təbii ki, elə deyil.

İkincisi, dövlətin başqa bir qayda-qanunlarına görə Azərbaycan vətəndaşları hər ay 300 dollar civarında xaricdən mal sifariş edə bilərlər. Yəni bu, Azrbaycan vətəndaşına verilən haqdır. Bunun Antiinhisar Xidməti ilə nə əlaqəsi var ki, o məsələlərə hansısa formada müdaxilə etməyə çalışır. Antiinhisar Komitəsinin açıqlamasında məntiqsizlik ciddi şəkildə biruzə verir. Qeyd edirlər ki, “Trendyol” daha ucuz satır, bu da yerli şəbəkələrə mane olur. Belə çıxır ki, onlar daha baha satmaq istəyirlər. Bu, absurddur. Dövlət və hökumət orqanları vətəndaşın yanıında durmalı, onlara xidmət etməlidirlər. Vətəndaşların ucuz və keyfiyyətli mallara çıxış imkanlarını artırmalıdırlar. Əksinə inhisarçıların və bazarda böyük oyunçuların yanında durmaq istəyirlər.

Onların mənafeyini müdafiə etmək istəyirlər ki, bu da tamamilə yalnış addımdır. Ümid edirəm ki, həmin səlahiyyətli şəxs bu açıqlamanı özündən söyləyib. Mərkəzləşdirilmiş bir qərar ola bilməz. Çünki həm qanunlara, həm məntiqə, həm də vətəndaşın mənafeyinə zərbə vuran və kökündən zidd olan, eləcə də həmin qurumun səlahiyyətlərini aşan bir açıqlamadır. Hesab edirəm ki, həmin açıqlamaya görə rsmi şəxsin cəzalandırılması da mümkündür. Çünki açıqladığı fikirlər vətəndaşın gözü qarşısında həmin qurumun və hökumətin səlahiyyət güvənliyini zədələyir”. 

Ekspert əlavə edib ki, “Trendyol” un Azərbaycanda nə antiinhisar, nə də digər qanunlara görə hansısa pozuntusu yoxdur:

“Açıqlamada belə bir fikir də var ki, “Trendyol” dan mal sifariş edib, başqalarına satırlar. Absurd bir yanaşmadır. Bu, qanun pozuntusu deyil. Azərbaycanda da mümkündür ki, hansısa mağazadan köynək alım, bir müddət sonra xoşuma gəlməsin və qohumuma filan satım. Bunun dövlət və hökumətlə nə əlaqəsi var? Yaxşı olar ki, Antiinhisar Komitəsi getsin dərman bazarında monitorinq aparsın. Dərman bazarında elə şirkətlər var ki, bazarın az qala yarısına nəzarət edirlər. Getsinlər onlarla məşğul olsunlar. Çünki səlahiyyətlərinə o məsələ daxildir. Ümumiyyətlə monitorinqlər vətəndaşın xeyrinə olmalıdır. Onların açıqlaması isə vətəndaşın ziyanınadır. Məntiqlə deyir ki, vətəndaş ucuz paltar almasın. Bu, doğru deyil”.

İqtisadçı-deputat Vüqar Bayramov isə qeyd edib ki, "Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz:

“Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər. Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil.

Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”, - deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO