Deputat:

Deputat: "Vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmir"

Hazırda oxunan: Deputat: "Vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmir"

122317

“Ölkə boyu 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. Vətəndaşlar evlərini qanuniləşdirə bilmir, sahibkarlar bizneslərini. Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmir. Əlavə olaraq deyim ki, tam məskunlaşdırılmış kənd təsərrüfatı və örüş sahələrində sənədləşdirmə işləri də aparmaq olmur. Əsas kimi 1963-cü ilin sovet xəritəsi götürülür”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev bildirib. 

“Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə olunmuş torpaqlar belə örüş sahəsi kimi gedir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, düz kəndin və ya digər yaşayış massivlərinin ortasında 2-3 hektarlıq yerdə örüş sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa sabit qalsın”, - deyə deputat əlavə edib. 

Razi Nurullayevin sözlərinə görə, rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır. 

“Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın, necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər. 

Digər bir problem. Əmlak məsələləri dövlət xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır. Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır. Amma əminəm ki, onlar çox gözəl də bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə də var. Çünki konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyirl’r ki, yəqin ki, oyunlar 360 manatın başındadır? Olmaz axı belə”. 

Millət vəkili qeyd edib ki, bələdiyyənin sərancamında olan torpaq sahəsinin təyinatı örüş olduğu halda qanunsuz əkin sahəsinə çevrilmiş sahələri sənədləşdirə bilmir: 

“Bələdiyyələr bu torpaqların örüş sahəsinə qaytarılması üçün müraciət edir və imtinalar gəlir. Burada heç bir məntiq yoxdur. Ya ərazi örüş sahəsinə - yəni əvvəlki statusuna qaytarılmalı və bu sənədlə sübut olunmalı, ya da təyinatı dəyişdirilməlidir. Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin? Əmlak məsələləri dövlət xidmətinin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. 

Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun koordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır.
Elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin aydınlıq gətirməsini istəyirəm”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO